Bir neçə saat sonra futbol üzrə dünya çempionatı start götürür. Planetin dörd bir yanını bir araya gətirən, milyonlarla insanı ekran qarşısına kilidləyən böyük futbol bayramı… Amma bu bayram Azərbaycan üçün yenə də uzaqdan seyr edilən bir mənzərədir.
İllər əvvəl kimsə desəydi ki, Azərbaycan futbolu dünya çempionatına vəsiqə qazanmaq bir yana, bu mövzu ümumiyyətlə müzakirə predmeti belə olmayacaq, bəlkə də bunu normal qarşılayardıq. Axı FİFA reytinqində ilk 100-lüyə belə çətinliklə yaxınlaşan bir ölkənin dünya çempionatında nə işi var? Amma son illər bir faktı açıq şəkildə göstərdi: düzgün idarəçilik və sağlam futbol menecmenti olan yerdə “fantastika” deyilən anlayış reallığa çevrilə bilir.
Buna ən bariz nümunə “Qarabağ” futbol klubudur. Bir vaxtlar Azərbaycan klublarının Çempionlar Liqasının qrup mərhələsinə düşməsi xəyaldan da uzaq görünürdü. Bu gün isə “Qarabağ” Avropada tanınan, hesablaşdığı komandalarla eyni səviyyədə mübarizə aparan bir klubdur, qitənin ən nüfuzlu turnirində mərhələ adlayır. Deməli, problem futbolçuda, ölkədə, potensialda deyil. Problem idarəetmədədir.

Tarixi paralellər aparmaq üçün Sovet dövrünə nəzər salsaq: Rusiya, Ukrayna və Gürcüstan daim futbolçu yetişdirən ölkələr olub. Azərbaycan isə uzun illər Özbəkistanla eyni səviyyədə, hətta bəzən ondan bir qədər öndə görünürdü. Bu gün isə tablo tamamilə dəyişib – Özbəkistan dünya çempionatına gedir, Azərbaycan isə növbəti seçmə mərhələnin “formal iştirakçısı” rolunda qalır.
Bəziləri bunu Özbəkistanın daha asan görünən Asiya konfederasiyasında çıxış etməsi ilə əsaslandırmağa çalışır. Amma bu arqument də artıq öz aktuallığını itirib. Çünki FİFA son illərdə nisbətən zəif ölkələr üçün əlavə imkanlar yaradıb – Millətlər Liqası kimi turnirlər məhz bu məqsədlə təsis olunub. Misal üçün, Gürcüstan bu imkandan maksimum istifadə edərək 2024-cü ildə Avropa çempionatına vəsiqə qazandı. Azərbaycan isə Millətlər Liqasında il-ildən geriləyərək Avropa futbolunun “cırtdanları” ilə eyni qrupa yuvarlandı.

Bu geriləmə təsadüfdürmü? Yoxsa illərdir davam edən sistemsizliyin, plansızlığın və məsuliyyətsizliyin nəticəsi?
İdmanda uğurun əsası gənclərdir. Bu, mübahisəsiz faktdır. Güclü milli komanda akademiyalardan, uşaq futbolundan, bölgələrdə yaradılan infrastrukturdan başlayır. Təəssüf ki, Azərbaycan Futbol Federasiyalar Assosiasiyası (AFFA) bu sahədə də illəri boşa verdi.
Regionlarda futbol meydançaları kağız üzərində qaldı, real akademiyalar yaradılmadı, istedadlı uşaqlar sistemli şəkildə aşkar olunmadı. Bir neçə layihə təqdim edildi, konfranslar keçirildi, hesabatlar yazıldı. Amma nəticə yoxdur.
Yurd.Media bölgələrdən xəbər yazan və sırf Azərbaycan reallıqlarını əks etdirən media qurumu kimi hər zaman idmançılarımızın uğurlarını işıqlandırıb. “Qarabağ”ın Çempionlar Liqasındakı tarixi çıxışları, minifutbol millisinin Slovakiyada Avropa çempionatında qazandığı uğurlar bunun bariz nümunəsidir. Amma ABŞ, Meksika və Kanadada keçirilən bu dünya çempionatı bizim yurdumuzdan kənar keçdi, təəssüf...