SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İnsanı itdən qoruyaq, ya əksinə?..

İnsanı itdən qoruyaq, ya əksinə?..

Son illər ev heyvanı saxlamaq bir dəbə çevrilib. Xüsusilə də, şəhər mənzillərində bahalı cins pişik və itlərin saxlanması adi hala çevrilib. Pişiklər nisbətən daha asan baxımlı olsa da, itlər xüsusi diqqət, zaman və məsuliyyət tələb edir. Təəssüf ki, bəzən valideynlər uşaqları əylənsin deyə, heç düşünmədən onlara it alırlar. Ancaq heyvan oyuncaq deyil — o, canlıdır, qayğıya və sevgi dolu münasibətə ehtiyac duyur.

Zaman keçdikcə ailə anlayır ki, bu məsələ nə qədər çətin və maddi baxımdan məsrəflidir. Xüsusilə böyük cins itlər ciddi qayğı tələb edir. Bu itlər təkcə yemək və su ilə kifayətlənmir, onların təlimə, aktiv həyat tərzinə ehtiyacı var. Bu işin öhdəsindən gələ bilməyənlər isə çıxış yolunu ya heyvanı satmaqda, ya da daha betəri — küçəyə atmaqda görür.

Beləcə, küçələrdə sahibsiz, iri və aqressivləşmiş itlərin sayı artır. Bu itlər instinktiv olaraq ətrafdakılara qarşı özünü müdafiə etməyə çalışır. Bəzən insanlar onlara qarşı aqressiv yanaşır, uşaqlar qorxudaraq qaçırdır. Bu isə heyvanda qorxu və aqressiya yaradır. Nəticədə, hər hansı dişləmə hadisəsi baş verdikdə, yenə də heyvan günahkardır. Halbuki, o sadəcə özünü qorumağa çalışır.

İtlərlə uzun illərdir çalışan “Dogschool” mərkəzinin mütəxəssisi Yurd.Media-ya deyir ki, problemi özümüzdə axtarmalıyıq. Çünki düzgün heyvan rəftarı uşaqlara elə ailədə öyrədilməlidir. Əgər biz küçədə bir itə və ya pişiyə yemək və su verə biliriksə, deməli, onların da bizə aqressiv davranmaq üçün heç bir səbəbi olmayacaq. Məsələ təkcə qayğı göstərmək deyil, həm də empati qurmaqdır.

Xarici ölkələrdə bu problem daha sistemli şəkildə həll olunub. Hər ev heyvanı — it və ya pişik — alınan zaman xüsusi çiplə qeydiyyata alınır. Heyvan sahibsiz şəkildə küçədə tapılarsa, sahibinə cərimə tətbiq olunur. Bu ölkələrdə heyvan hüquqlarını qoruyan təşkilatlar məsələyə ciddi nəzarət edir.

Əlbəttə, küçələrdə məhdud sayda it və pişik olmalıdır. Onlar ekosistemin bir hissəsidir, siçan və digər ziyanvericilərin yayılmasının qarşısını alırlar. Amma bunun üçün də onların sterilizasiya edilməsi, peyvənd olunması və identifikasiya çipi ilə təchiz olunması mütləqdir. Bu işə isə müvafiq dövlət qurumları nəzarət etməlidir.

Bu problem təkcə dövlətin deyil, hər birimizin problemidir. Küçəyə atılan bir heyvan təkcə onun taleyi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə təsir edən bir məsələdir. Kimdən kimi qorumaq lazımdır sualının cavabı da buradan başlayır: məsuliyyətsiz insandan heyvanı, yoxsa sahibsiz heyvandan cəmiyyəti?

Bakı Şəhər İcra Hakimiyyətindən isə Yurd.Media-ya bildirilib ki, artıq bu sahədə ciddi addımlar atılır. Qurumdan verilən məlumata görə, sahibsiz heyvanlara xidmət göstərmək və bu sahədəki problemləri aradan qaldırmaq məqsədilə publik hüquqi şəxsin yaradılması istiqamətində hazırlıq işləri aparılır. Bu, məsələnin sistemli şəkildə həlli yolunda atılan önəmli addımdır və ümid edirik ki, nəticə verəcək.

Unutmayaq: bir heyvanı küçəyə atmaq sadəcə bir yükdən qurtulmaq deyil, həm də insaniyyətin bir hissəsini küçəyə atmaqdır. Heyvanlar da hiss edir, sevir, bağlanır. Onların bizə ehtiyacı olduğu qədər, bizim də bəzən onlardan öyrənməyə ehtiyacımız var.

Prime Leasing