SÜJET
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev muzeyindən hazırladığımız reportaj zamanı bir eksponatda diqqətim zillənib qaldı. Həsən bəyin istifadə etdiyi neft lampası. Həsən bəy o lampanın közərən işığı ilə 1880–1896-cı illərdə zülmət içində yaşayan xalqa maarifçilik ideyalarını yaymağa başladı… 100 il keçdi. Həmin yüzillikdə nə soyqırımlar, nə repressiyalar gördük, bir Allah şahiddir. Sonra Dünya Müharibəsindən qalib ayrılan ölkənin vətəndaşı olduğumuza görə özümüzü xoşbəxt saydıq, yenidən qurub yaratmağa başladıq.
Amma Zərdabinin lampasının közərməsindən bir əsr keçəndən sonra yenə zülmətə qərq olduq. Yenə soyqırımlara, işğala məruz qaldıq. Mənim kimi milyonlarla uşaq dərslərini neft lampalarının işığında oxumaq məcburiyyətində qaldı, insanlarımız çörəklə imtahana çəkildi.
Lakin Azərbaycan xalqı bir əsr əvvəllə müqayisədə özünüdərk məqamına yetişmişdi. İşğalla barışmaq niyyəti yox idi. Beləcə, XX-ci əsrin sonundan başlayaraq qaranlıqdan nura doğru addımlamağa başladıq. Öz gücümüzlə, öz dahilərimizin göstərdiyi yolla. Uzaq və yaxın ətrafımızdan bir çox müdaxilə cəhdləri oldu – bunlar immunitetimizi daha da artırdı, xalq öz lideri ətrafında daha sıx birləşdi. Nəhayət, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı zülmətdən aydınlığa çıxara bildik!
1 ay əvvəl Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı baş tutdu. Bu, yalnız yeni megavatlar deyil, həm də milli gücün, xalq iradəsinin, vəhdətin enerjiyə çevrilmiş təcəssümüdür.
Adı kimi, bu stansiya Vətən Müharibəsindəki Zəfər Gününün – 8 Noyabr tarixinin simvoludur və Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının zülmətdən işığa çıxmasının bariz göstəricisidir.
Elə milli mətbuatımız da beləcə zülmətdən işığa doğru 150 illik yol qət etdi. Öz dilində mətbu orqan çap etməklə bağlı məhdudiyyətlərlə üzləşən dövrdən beynəlxalq aləmdə imzasını tanıdan, suverenliyini bərpa etmiş Azərbaycan mediasınadək çətin, ancaq şərəfli bir yol.
Bu yolun son 20 ilini bəndəniz də külüng vurub. Seçdiyim istiqamət informasiya agentliyi kimi məsuliyyətli format olduğundan fasiləsiz, daim onlayn rejim artıq həyat tərzinə çevrilib. Bu illər də hamar keçmədi. Bəzən çətinliklər, bəzən ədalətsizliklər… və bunun fonunda daha yaxşı təminatlı və az stressli iş təklifləri. Gördüyüm işə sevgi və lazım olan işi görməyimdən əminlik bu yoldan döndərmədi. Hər qarşıya çıxan çətinlikdə isə nümunə götürəcəyim şəxs – xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərən Prezident İlham Əliyevin titanik əməyi oldu.
Məhz elə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması üçün yeni Yurd.Media-nı yaratmaq zərurətini ortaya qoydu.
Ötən gün Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrinin təltif edilməsi ilə bağlı Sərəncam imzaladı. Sərəncamla Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmaq həyatımın ən qürurlu anlarından biri oldu.
Təbii ki, bu medal təkcə mənim üçün deyil, illərdir mənə dəstək olan ailəmin, çiyin-çiyinə çalışdığım həmkarlarımın da uğurudur.
Bir daha əmin oldum ki, əgər gördüyün işi vicdanla, sevgiylə, Vətənə xidmət niyyətilə görürsənsə, nə vaxtsa öz dəyərini tapacaq.
Təşəkkür edirəm, cənab Prezident!
Bu mükafat sadəcə bir nəticə kimi yox, eyni zamanda gələcək işlərim üçün böyük bir məsuliyyət və motivasiyadır, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyan bölgələrinin tərəqqisinə xidmət etmək üçün verilən ən böyük stimuldur.