SÜJET
Milli mətbuatımızın 150 illiyində mətbuat tariximizin banisi Həsən bəy Zərdabinin doğulduğu rayondakı ev muzeyini ziyarət edərkən, eksponatlarla tanış olduqca özünü o dövrlə ünsiyyətdə hiss edirsən.
Göyçay qəzasının Zərdab kəndində anadan olan milli mətbuat tariximizdə əbədiləşən Həsən bəy Zərdabinin xatirə muzeyi 2005-ci ildə yaradılıb. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu mədəniyyət ocağı yenidən qurulub, 2020-ci ildə isə ətrafında park salınıb, Həsən bəyin abidəsi ucaldılıb.
Muzeydə Zərdabinin ailəsinə aid şəxsi əşyalar, mütəfəkkirin əlyazmaları, “Əkinçi” qəzetinin nüsxələri saxlanılır.
Muzeyə Zərdabinin adı ilə bağlı olan eksponatların toplanması istiqamətində işlər bu gün də davam etdirilir. Hazırda muzeyin fondunda 330 eksponat var. Eksponatların 175-i əsas fondda, 155-i isə elmi köməkçi fonddadır.
Həsən bəy Zərdabi 1880–96-cı illərdə yaşadığı bu evdə ən çox diqqətimi çəkən eksponat isə neft lampaları oldu. Məhz bu lampaların işığı ilə XIX əsrdə milli maarifçiliyimizə nur səpilib, elə mütəfəkkirin özünün dediyi kimi "Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm"…
Bölgələrimizin həyatını işıqlandırmağı öz missiyası seçən Yurd.Media Milli Mətbuat günündə bu məbədi ziyarət edib, fotolarını oxucularla bölüşməyi özünə borc bildi.