SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
“Tarifsiz həqiqət” ‒ Azercell-in 1 İyul bahalaşması hüquq müstəvisində

“Tarifsiz həqiqət” ‒ "Azercell"-in 1 İyul bahalaşması hüquq müstəvisində

Son günlər sosial şəbəkələrdə “Azercell" şirkətinin tətbiq etməyi planlaşdırdığı tarif dəyişiklikləri ilə bağlı “boykot” çağırışları səsləndirilir, istifadəçilər öz narazılığını bildirir. Bəs dəyişikliyin mahiyyəti nədir?

Azercell 1 iyul 2025-dən SimSim (fakturasız) nömrələr üçün ödəmə kartlarının istifadə müddətini nominala bağlayır (1 AZN = 1 gün) və elektron yükləmələrdə minimum məbləği 1 AZN-ə qaldırır. Eyni vaxtda saatlıq və günlük internet paketlərinin qiyməti 0,4–0,5 AZN, aylıq paketlərin isə dövrü 30 gündən 28 günə endirilir. Bu, əhalidə “gizli bahalaşma” təsiri yaradıb.

Mobil operator istədiyi vaxt belə dəyişiklik etməsinə Qanundakı məhdudiyyət

Birincisi, qeyd edək ki, düzdür, "Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununun 32.1.3-cü maddəsinə əsasən operatorlar qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək hüququna malikdirlər. Lakin bu məsələnin ikinci aspekti ondan ibarətdir ki, adıçəkilən qanun operatora xidmət şərtlərini yeniləmək hüququ versə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qiymət artımının açıq, qabaqcadan bildirişli və seçim imkanı yaradılmaqla həyata keçirilməsini tələb edir və bu barədə müştərilər dolğun və düzgün məlumatlandırılmalıdırlar.

Hazırda gündəmi məşğul edən məlum hadisə ilə bağlı onu deyə bilərəm ki, Azercell press-relizində 30 gün qabaqcadan elan yayıb, lakin “28 gün = 1 ay” kimi hesablamanın haqlı tənqid olunduğunu qeyd etməliyik – bu, istehlakçını faktiki əlavə ödənişə məcbur edir və “ədalətli balans” prinsipinə zidd sayıla bilər.

Bundan əlavə, "Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununun 11.4-cü maddəsi onu deməyə əsas verir ki, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığından bəhs olunan 16-cı maddədə isə deyilir: "Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.

İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir".

Hüquqşünas-ekspert Yunis XəlilovHüquqşünas-ekspert Yunis Xəlilov

Müştərilər hüquqları

Bu məsələ ilə bağlı müştərilərin hüquqlarının müdafiəsini təminat altına alan bir neçə alternativ üsullar mövcuddur. Bunlardan birincisi, Azercell-ə daxili şikayət proseduradır. Yəni Azercell Çağrı Mərkəzi və ya “Kabinetim” üzərindən yazılı müraciət edərək şikayət edilə bilər. Kütləvi abonent müraciətləri Azercell-i bu haqda düşünməyə vadar edə bilər.

Ikinci yol dövlət orqanına üz tutmaqdır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlakçı Bazarına Nəzarət Xidmətinə müraciət oluna bilər.

Üçüncü seçim məhkəmədir. Abonent Azercell mobil operatorunu "tarifdə haqsız dəyişiklik" iddiası ilə məhkəməyə verə bilər. Təsadüfi deyil ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 26-cı maddəsj istehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə həsr olunub. Həmin maddəyə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.

Tarif tənzimləmələri ilə bağlı dünya təcrübəsi

Sözügedən məsələ ilə bağlı ayrı-ayrı ölkələrdə maraqlı hüquqi hadisələr olub. Məsələn, Birləşmiş Krallıqda 2023-cü ildən “loyallıq cəriməsi” adı ilə Vodafone, EE, Three, O2 əleyhinə 3,3 milyard funt kollektiv iddia qaldırılıb, səbəb isə cihaz qiyməti ödənildikdən sonra da aylıq ödənişin eyni saxlanılması olmuşdur.

2025-ci ilin yanvarında isə Ofcom mid-kontrakt qiymət artımını əvvəlcədən dəqiq funt-şillinq məbləği ilə açıqlamayan operatorları qadağan edən yeni qaydalar qəbul etmişdir.

Almaniyada Vzbv istehlakçı təşkilatı 2023-cü ildə "Vodafone Germany"-ə qarşı qiymət artımına görə nümayəndə kollektiv iddia qaldırmışdır.

ABŞ-da isə AT&T “limitsiz” paketləri sürətini gizli şəkildə azaltdığına görə FTC-yə 60 milyon dollar təzminat ödəməklə razılaşmalı olmuşdur.

Bu nümunələr göstərir ki, şəffaflıq və qabaqcadan razılaşdırılmış mexanizm olmadan edilən tarif dəyişiklikləri əksər inkişaf etmiş yurisdiksiyalarda məhkəmə riskini artırır.

Azercell-in addımını “qanuni, amma ədalətsiz”dir

Formaca desək, bəli, ədalətsizdir, çünki operator rəsmi xəbərdarlıq edib. Məzmunca isə vəziyyət aşağıdakı səbəblərə görə fərqlidir:

1. “28 gün = ay” modeli təqvim ayı üzrə xərci müəyyən qədər artırır;

2. Minimum balans zaman məhdudiyyəti

inflyasiyadan kənar, birbaşa monetar yükdür;

3. Qiymət-həcm nisbətində meqabayt başına düşən xərc artır.

Beləliklə, qanunvericiliyin “məlumatlandır” tələbi ödənilsə də, “istehlakçının balanslı marağı” prinsipi sual altındadır. Qanun ədalətsiz şərti etibarsız saymağa imkan verir. Düşünürəm ki, təcrübi olaraq dövlət orqanının vasitəçiliyi və ya məhkəmənin presedenti nəticəni müəyyənləşdirə bilər.

Prime Leasing