SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda fərqliliyi birləşdirən kafedən REPORTAJ

Bakıda fərqliliyi birləşdirən kafedən REPORTAJ

Bakı

Azərbaycanda yeganə inklüziv kafe var ki, burada autizm spektr pozuntusu olan şəxslər rahat şəkildə işləyə bilirlər - bu “Kaşalata”dır.

Burada hazırda 10 nəfər xüsusi əməkdaş var, onlardan 9 autizm spektr pozuntusu olan və 1 daun sindromlu olan şəxslərdir. Onlar 4 saatlıq növbə ilə fəaliyyət göstərirlər.

Əməkdaşlardan biri, İlyas Əfəndiyev Yurd.Media-ya kofe hazırlamağı çox sevdiyini deyir:

“Ən böyük arzum Göyçayda da belə bir kafenin açılmasıdır. İstəyirəm, orada da işləyim.”

İlyas təkcə yaxşı barista deyil, həm də piano çalmağı və şeir deməyi bacarır.

Artıq bir ildən çoxdur fəaliyyət göstərən Kaşalata, bu insanların sosiallaşma prosesində mühüm rol oynayır. Burada onlar insanlarla ünsiyyət qurmağa, komanda daxilində işləməyə və özlərinə güvənməyə alışırlar.

Kafenin meneceri Nail Hobolov bildirir ki, “Kaşalata” adının maraqlı bir hekayəsi var:

“Bu ad kafenin əməkdaşlarından biri olan Həmza Eynalovun sayəsində yaranıb. Həmza uşaq vaxtı danışma terapiyası keçərkən qarşısında ‘qaşıq’ və ‘salat’ vardı. O, bu iki sözü birləşdirərək ‘Kaşalata’ deyib. Biz də bu sözü ad kimi seçdik”.

Menecerin sözlərinə görə, layihənin əsas məqsədi sosial dəstək yaratmaqdır:

 “Bu, sadəcə bir iş yeri deyil, sosial layihədir. Əlbəttə, çətinliklər var, amma biz bir ailəyik. Hər bir əməkdaşımıza dəstək olmağa çalışırıq. Gələcəkdə bir neçə belə məkan açmaq planımız var. Çünki nə qədər çox olsalar, bir o qədər çox gəncə dəstək vermək mümkün olacaq".

Kaşalata, Qara Qarayev prospektində yerləşən Autizm Mərkəzinin nəzdində fəaliyyət göstərir. Burada çalışan şəxslər əvvəlcə reabilitasiya prosesindən keçir, sonra onların maraq və bacarıqları qiymətləndirilərək uyğun iş sahəsinə yönləndirilirlər — kimisi ofisiant, kimisi isə barista olur.

Çəkiliş zamanı əməkdaşlardan biri, Kənan Məmmədov, baş ağrısından dolayı bir qədər kefsiz idi. Amma diqqət çəkən məqam o idi ki, digər əməkdaşlardan biri ona qayğı ilə yanaşdı, motivasiya verdi, könlünü aldı. Onların münasibəti sanki doğma ailə üzvləri kimiydi.

Bəzən bu gənclər tədbirlərdə piano çalır, şeir deyir, mahnı ifa edirlər. Onların çıxışları insanlara həm motivasiya, həm də sevgi aşılayır.

Belə məkanlar yalnız sosial inteqrasiya baxımından deyil, həm də maddi müstəqillik baxımından vacibdir. Çünki maaş alan bu gənclər özlərini artıq bir yük kimi deyil, cəmiyyətin faydalı üzvü kimi hiss edirlər.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing