Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən işlər müzakirə olunub.
Yurd.Media xəbər verir ki, “Məşğulluq həftəsi” çərçivəsində “İmkanlar və İnam: Dövlət-Biznes Əməkdaşlığı Forumu” keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, dövlət qurumlarının nümayəndələri, işəgötürənlər, biznes birliklərinin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Forumun açılış mərasimindən sonra müxtəlif nominasiya və istiqamətlər üzrə mükafatlandırma mərasimi keçirilib. Daha sonra tədbir panel müzakirələri ilə davam edib.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar əhalinin rifahının yüksəldilməsinə və sosial proqramların genişləndirilməsinə mühüm töhfə verib.
Nazir qeyd edib ki, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə 2019–2030-cu illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyası icra olunur. Strategiyanın əsas hədəfləri məşğulluqyönümlü iqtisadi inkişafın təmin edilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və onların səmərəliliyinin yüksəldilməsidir.
Anar Əliyev bildirib ki, strategiyanın 2026–2030-cu illəri əhatə edən növbəti Tədbirlər Planının təsdiqlənməsi qarşıya qoyulan hədəflərə nail olmaq üçün geniş imkanlar yaradacaq.
Nazirin sözlərinə görə, məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin rolu xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərlə münasibətləri inzibati yanaşmadan daha çox xidmət modeli əsasında qurmağa üstünlük verir.
Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərə uyğun işçi qüvvəsinin tapılmasına dəstək göstərilir, əmək yarmarkaları təşkil olunur, peşə hazırlığı proqramları həyata keçirilir. Eyni zamanda qadınların, gənclərin və həssas kateqoriyadan olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə əməkhaqqının birgə maliyyələşdirilməsi və yeni iş yerlərinin yaradılmasına yönələn proqramlar icra olunur.
Nazir məşğulluq sahəsində əldə edilən nəticələrə də toxunub. Bildirib ki, əvvəlki dövrlə müqayisədə illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə artıb.
Bununla yanaşı, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə yüksəlib.
Anar Əliyevin diqqətə çatdırdığı digər mühüm məqamlardan biri aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi olub. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə bu istiqamətdə iş aparır.
İşsizlikdən sığorta ödənişinin əhatə dairəsi genişləndirilir
Nazir işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışarkən işsizlikdən sığorta ödənişinin əlçatanlığının artırıldığını bildirib.
Qeyd edib ki, gələn il işsizlikdən sığorta ödənişi ilə əhatə olunan şəxslərin sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfərə çatacaq. Bu məqsədlə ayrılacaq vəsaitin həcmi 10 dəfədən çox artaraq 36 milyon manat təşkil edəcək. Sığorta ödənişinin orta məbləği isə 2 dəfə artaraq 480 manata yüksələcək.
Əmək müqavilələrinin sayı 59 min artıb
Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatların nəticələrindən də danışıb.
Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 3,4 dəfə artıb.
Nazir cari ilin ilk 10 ayında əmək müqavilələrinin sayının əvvəlki illə müqayisədə 59 min artmasını müsbət nəticə kimi qiymətləndirib.
Əmək qanunvericiliyinin pozulmasına görə şərti cərimələr tətbiq olunur
Çıxışında əmək qanunvericiliyinə dövlət nəzarəti məsələsinə də toxunan nazir bildirib ki, müasir nəzarət mexanizmi yalnız pozuntuların aşkarlanması və cərimələrin tətbiqi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd riskləri əvvəlcədən müəyyən etmək, onların qarşısını almaq və işəgötürənlərə metodiki dəstək göstərməkdir.
Anar Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə 2025–2026-cı illərdə edilmiş dəyişikliklər əmək qanunvericiliyinin pozulmasına görə şərti cərimələrin tətbiq dairəsini genişləndirib.
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinə aid 16 maddə üzrə şərti cərimələr tətbiq olunur. Onlardan 7-si son dəyişikliklərlə əlavə edilib. İşəgötürən müəyyən edilmiş müddətdə aşkar olunan pozuntunu aradan qaldırarsa, inzibati cəriməni ödəməkdən azad edilir.
Nazir bu yanaşmanın əsas məqsədinin sahibkarları cərimələmək deyil, onları mümkün risklər barədə əvvəlcədən məlumatlandırmaq və pozuntuların qarşısını almaq olduğunu vurğulayıb.
Həmçinin “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələri çərçivəsində işəgötürənlərə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsi, elektron sistemlərdən istifadə və insan resurslarının idarə olunması sahəsində metodiki dəstək göstərildiyini bildirib.
Əmək Məcəlləsinə 457 dəyişiklik qəbul edilib
Nazir əmək qanunvericiliyinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən də bəhs edib.
Bildirib ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsini əhatə edən 457 dəyişiklik qəbul edilib. Dəyişikliklər çərçivəsində “bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı” prinsipi qanunvericilikdə təsbit olunub, minimum əməkhaqqının məbləğinin dövri olaraq nəzərdən keçirilməsi mexanizmi yaradılıb.
Eyni zamanda ailə və iş həyatının uzlaşdırılması, ödənişli atalıq məzuniyyətinin tətbiqi, distant işin hüquqi əsaslarının formalaşdırılması və əməyin mühafizəsi sahəsində preventiv yanaşmanın gücləndirilməsi istiqamətində yeniliklər edilib.
Anar Əliyev Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının 187 nömrəli Konvensiyasını ratifikasiya etməsi ilə təşkilatın 10 fundamental konvensiyasının hamısını ratifikasiya edən ölkələr sırasına daxil olduğunu da diqqətə çatdırıb.
Nazir əməyin mühafizəsi sahəsində qarşıdakı dövrün əsas hədəflərindən birinin “Vision Zero” yanaşmasının tətbiqi olduğunu bildirib. Bu yanaşma iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, risklərin minimuma endirilməsini və bədbəxt hadisələrin qarşısının alınmasını nəzərdə tutur.
Çıxışda minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması və işçilərin məzuniyyət hüququnun təmin edilməsi ilə bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə də toxunulub. Bildirilib ki, hazırda Milli Məclisdə müzakirə olunan bu dəyişikliklər əmək münasibətlərində yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və işəgötürənlərin inzibati yükünün azaldılmasına xidmət edəcək.
Forum çərçivəsində, həmçinin işəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları, qurumların fəaliyyəti, əmək bazarının aktual məsələləri, biznes birliklərinin sosial məsuliyyəti və birgə təşəbbüslər mövzularında üç panel müzakirəsi keçirilib.
Tədbirin sonunda Anar Əliyev sosial sahədə göstərdikləri dəstəyə görə işəgötürənlərə və layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib.