Virtual tanışlıq zamanı qarşı tərəfin özünü təqdim etdiyi şəxslə həqiqətən eyni insan olub-olmadığını müəyyənləşdirmək vacibdir.
Bunu Yurd.Media-ya psixoloq Aytən Ələkbərova bildirib.
O qeyd edib ki, bunun üçün ünsiyyət zamanı ona müxtəlif suallar vermək və cavabların bir-biri ilə uyğunluğuna diqqət yetirmək olar.
Psixoloq bildirir ki, diqqətli insanlar müəyyən ziddiyyətləri görərək qarşı tərəfin davranışlarını sorğulamağa başlayırlar. Lakin emosional baxımdan həssas və ya özünü çarəsiz hiss edən insanlar bəzən təhlükə əlamətlərini vaxtında fərq etmirlər.
Aytən Ələkbərovanın fikrincə, belə münasibətlərdə əsas risklərdən biri şəxsi fotoşəkillərin və ünvan məlumatlarının paylaşılmasıdır. Qarşı tərəfin istəyinə uyğun olaraq şəxsi görüntülərini göndərən insan sonradan şantaj və təhdidlə üzləşə bilər.
Psixoloq qeyd edir ki, virtual münasibətlərdə emosional dəstəyə ehtiyac duyan insanlar bəzən qarşılarına çıxan şəxsi uzun müddətdir gözlədikləri insan kimi qəbul edirlər. Bu vəziyyət yalnız gənclərə aid deyil. Onun sözlərinə görə, 35–40 yaşdan yuxarı qadınlar da özlərini anlayan və dinləyən birini tapdıqlarını düşünərək şəxsi məlumatlarını paylaşa bilərlər.
Belə hallarda insan qarşı tərəfə duyduğu etibar səbəbindən riskləri lazımi səviyyədə qiymətləndirməyə bilər. Psixoloqun yanaşmasına görə, emosional yaxınlıq insanın şəxsi təhlükəsizliyini arxa plana keçirməməlidir.
İlk görüş ictimai məkanda olmalıdır
Aytən Ələkbərova virtual tanışlığın real görüşə çevrildiyi zaman təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayır. Onun tövsiyəsinə görə, ilk görüş insanların olduğu ictimai məkanda keçirilməlidir.
Psixoloq həmçinin görüş yerinə bir qədər əvvəl gəlməyi və qarşı tərəfi müşahidə etməyi məsləhət görür. Görüş zamanı insan özünü narahat hiss edərsə, ünsiyyəti davam etdirməmək və görüşü istənilən vaxt dayandırmaq hüququna malikdir.
Onun fikrincə, ilk təəssürat insanın qarşı tərəflə bağlı müəyyən hisslər formalaşdırmasına səbəb ola bilər. Lakin yalnız ilk saniyələrdə yaranan təəssürata əsasən insan haqqında qəti nəticəyə gəlmək düzgün deyil. Əsas məsələ özünü təhlükəsiz hiss etmək və şəxsi sərhədləri qorumaqdır.
psixoloq Aytən ƏləkbərovaVirtual tanışlıqların hamısı təhlükə demək deyil
Psixoloq virtual tanışlıqların yalnız mənfi nəticələrlə yekunlaşmadığını da qeyd edir. Sosial şəbəkələr vasitəsilə qurulan bəzi münasibətlər sonradan dostluğa və evliliyə çevrilə bilər:
"Bununla belə, münasibətin hansı nəticəyə gətirib çıxaracağını əvvəlcədən bilmək mümkün deyil. Buna görə də qarşı tərəfi tədricən tanımaq, şəxsi məlumatları qorumaq və hər hansı təzyiq qarşısında öz qərarlarını sərbəst vermək vacibdir.
Virtual münasibətdə güvən mühümdür, amma güvən şəxsi təhlükəsizliyi unutmaq demək deyil".