SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Jurnalistlər niyə hədəfə çevrilir? – EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

Jurnalistlər niyə hədəfə çevrilir? – EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

Son zamanlar jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən fiziki zorakılığa məruz qalırlar. Oktyabrın 28-də 225 nömrəli məktəbdə şagirdin ölümü ilə bağlı araşdırma aparan “Real TV” və “Space TV” əməkdaşlarına, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə isə Nizami rayonundakı taxta bazarında baş verən yanğını işıqlandıran “APA TV” əməkdaşına qarşı zorakılıq halları qeydə alınıb. Bəs jurnalistlərin peşə fəaliyyəti qanunla necə qorunur və bu fəaliyyətə mane olan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

Məsələ ilə bağlı media eksperti Azər Həsrət Yurd.Media-ya açıqlamasında bildirib ki, bu məsələlərin ümumiləşdirilməsinin tərəfdarı deyil:

"Real TV" və "Space TV"-nin əməkdaşları sonradan "APA TV"-nin əməkdaşının başına gələn hadisə təsadüfən ard-arda gələn hadisələrdir.

Sosial media və insanların bir-birinə qarşı dözümsüzlüyünün, onlayn texnologiyalardan asılılığın səbəbidir ki, cəmiyyətimiz zəhərli bir cəmiyyətə çevrilib və normal insan münasibətləri arxa plana keçib. Məhz jurnalistlərə qarşı münasibətlərin kökündə bunlar dayanır. Belə məsələlərin həlli üçün cəmiyyətdə müvafiq işlər aparılmalıdır. Nəinki jurnalist, ümumiyyətlə kiməsə qarşı fiziki zor tətbiq etmək, hansısa şəkildə insanları linç etmək yolverilməzdir."

Ekspert onu da qeyd edib ki, jurnalist adı altında olanlara müraciət edənlərin aqressiyası bir qayda olaraq, jurnalistikadan sui-istifadə edənlərə görədir.

Azər HəsrətAzər Həsrət

Hüquqşünas Bulud Yusifov isə bildirib ki, istənilən halda jurnalistlərin peşə fəaliyyətinə mane olmaq əvəzinə onlar üçün lazımi şərait yaratmaq lazımdır ki, öz peşə fəaliyyətlərini davam etdirə bilsinlər:

"Sosial şəbəkələrdə yayımlanan görüntüləri nəzərdən keçirsək, bu jurnalistlərə qarşı olunan böyük hörmətsizlikdir. Məktəbdə baş verən hadisədə ictimai yerdə xuliqanlıq, jurnalistə hücum, döymə və xəsarət var. Xəsarətin dərəcəsindən asılı olaraq, hansı maddələrlə cinayət işi qaldırılacaq o tamamilə fərqli mövzudur. Nizami rayonunda yerləşən taxta bazarında baş verən hadisədə isə jurnalist vurulur, mikrafon əlindən alınıb atılır yerə. Bu tamamilə hüquqa zidd olan hərəkətdir. Onun əməlində sözün əsl mənasında cinayət var.

Cəmiyyətdə digərlərinə də dərs olsun deyə, nəinki belə insanların, həmçinin, jurnalistin peşə fəaliyyətinə xələl gətirən hər bir kəsin barəsində qanuni tədbir görülməlidir ki, digər şəxslər də onlara hörmətlə yanaşsınlar."

B.Yusifov qanunvericiliyə əsasən, jurnalistin peşə fəaliyyətinə mane olanları hansı cəza gözlədiyini də vurğuladı:

"Jurnalistin çəkiliş aparmasına qanunsuz mane olmaq, onun məlumat toplamasına və yaymasına maneçilik törətmək, jurnalisti hədələmək və ya zor tətbiq etmək, peşə fəaliyyətinə görə jurnalistə təzyiq göstərmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi (Jurnalistin peşə fəaliyyətinə mane olmaq) ilə tənzimlənir. 163.1-ci maddəyə əsasən, 500-1000 manat cərimə və ya 1 ilədək islah işləri, 163.2-ci maddəyə əsasən isə, əməl vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan mərhumetmə. Həmçinin vəzifə tutmaq hüququ 3 ilədək məhdudlaşdırıa bilər" - deyə o vurğulayıb.

Bulud YusifovBulud Yusifov

Skat.az - Ev və Avtomobil elanları