Bakının əsas magistralında 10 günlük təmir işləri başlayır, sürücülər alternativ marşrutlara üz tutmalı olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, bugün axşamdan paytaxtın ən işlək nəqliyyat arteriyalarından biri olan Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) 10 gün müddətinə təmir işləri aparılacaq.
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçiriləcək təmir işləri ilə əlaqədar olaraq bu hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmalarını xahiş edir və yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.