Qubanın Zərdabi qəsəbəsində istismar dövrünü başa vurmuş qəzalı binalar bərbad vəziyyətə düşüb.
Yurd.Media xəbər verir ki, binalar o qədər köhnəlib ki, əksəriyyəti təhlükə saçır. 51 mənzilin yerləşdiyi iki binanın 100-ə yaxın sakini artıq həmin binalarda yaşamağın mümkün olmadığını və özlərini təhlükə altında hiss etdiklərini bildirirlər.
Sakinlər yağış sularının mənzillərə dolduğunu, binaların dam və tavan hissələrinin tamamilə çürüdüyünü, rütubətdən və şəraitsizlikdən təngə gəldiklərini deyirlər. Onların sözlərinə görə, yağan yağış səbəbindən evin içi su ilə dolur və yatmaq mümkün olmur.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən “ATV Xəbər”ə bildirilib ki, Zərdabi qəsəbəsindəki iki çoxmənzilli binanın sökülməsinə zərurət yaranıb. Onların yerində yeni binaların inşası da nəzərdə tutulub. İcra nümayəndəsi bildirib ki, sökülən binaların yerində müasir tələblərə uyğun 6 bloklu binalar inşa ediləcək.