SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda könüllülərin sayı 60 minə çatdırılacaq

Azərbaycanda könüllülərin sayı 60 minə çatdırılacaq

Azərbaycanda könüllülərin sayı 60 min nəfərə çatdırılacaq.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Azərbaycan Könüllülük Həftəsi 2025" ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həftə çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox Azərbaycan Könüllüsü üçün müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər və kütləvi könüllülük fəaliyyətləri həyata keçiriləcək.

"Azərbaycan Könüllülük Həftəsi 2025"in davam edəcəyi 10 gün ərzində 10 layihənin həyata keçirilməsi nəzərdə tutulub:

"Həftə çərçivəsində layihələr beş mövzunu əhatə edəcək. Bu il üçün əsas məqsədimiz 18 regionda könüllülərin fəaliyyətini təmin edərək bu çərçivədə 17 min nəfəri əhatə etməkdir. Bununla da könüllülərin sayını 60 min nəfərə çatdıracağıq".

Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı isə bildirib ki, Azərbaycanda könüllülərin əməyinə xüsusi dəyər verilir.

Onun sözlərinə görə, könüllülərin əməyi daim diqqətdə saxlanılır və onların inkişafı üçün müntəzəm addımlar atılır.

Pərvanə Cəlallı qeyd edib ki, artıq səkkizinci ildir ki, Azərbaycanda Könüllülük Həftəsi keçirilir:

"Bu həftə ərzində könüllülərin əməyinə xüsusi dəyər verilir. Keçirilən tədbirlərdə ilin könüllüləri seçilir, müxtəlif şəbəkələşmələr baş tutur".

"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində baş tutacaq layihələr “Zəfər: 5 il”, “Konstitusiya-30 il”, “Milli birlik”, “AKTİ-5 il”, “Könüldən könüllü” və “Suveren Azərbaycan” mövzularına həsr olunacaq. 

Qeyd edək ki, 2018-ci ildən etibarən hər il 5 dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən və artıq ənənəvi xarakter alan “Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondu və tərəfdaş qurumların birgə dəstəyi ilə həyata keçirilir.

Prime Leasing
SPE Annual Caspian