SÜJET
Abşeron rayonunun Məmmədli kəndində yerləşən 38 binadan ibarət yaşayış kompleksi illərdir diqqətdən kənarda qalıb. “Məhəmmədli İnşaat” MTK-nın inşa etdiyi bu binalar ilk baxışdan yaşayış olmayan, yarımçıq tikililəri xatırladır. Üzü açılmış, izolyasiyasız divarlar, nəmişlik basmış mənzillər və dağılmış yollar burada yaşayan insanların gündəlik reallığına çevrilib.
Binalar tikilib, amma sahibsiz qalıb
Sakinlər bildirirlər ki, təxminən 6-7 il əvvəl binaların üzlükləri guya “təhlükəsizlik baxımından” sökülüb və o vaxtdan bəri heç bir təmir-tikinti işi aparılmayıb. Bu səbəbdən mənzillərin divarları nəmişlik çəkir, rütubət və qəzalı görüntü gündən-günə artır. Lakin problemi daha da ağırlaşdıran məsələ bu binaların əksəriyyətində çıxarış sənədlərinin olmamasıdır. Hazırda yalnız 17 binanın rəsmi çıxarışı var, digər binaların sakinləri isə mülkiyyət hüququnu təsdiq edə bilmədiklərindən mənzillərini qeydiyyata sala bilmirlər.
"Sahibsiz” binaların sahibləri
Çəkiliş zamanı danışdığımız sakinlər qeyd etdilər ki, yolların bərbad vəziyyətdə olması səbəbindən öz vəsaitləri hesabına dəfələrlə bərpa işləri aparıblar. Onların sözlərinə görə, rəsmi qurumların bu əraziyə münasibəti "sahibsiz” bina yanaşmasıdır. Halbuki bu evlərdə illərdir yüzlərlə ailə yaşayır.
Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Məhəmmədli İnşaat” MTK-ya 2007-ci ildə 4 hektarlıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparmaq üçün icazə verilib. Sonrakı illərdə kompleks hissə-hissə istifadəyə verilib. RİH-in cavabında qeyd olunur ki, MTK-nın təsisçilərinin bir qisminin vəfat etməsi, digərlərini isə hüquq-mühafizə orqanlarının məsuliyyətə cəlb etməsi nəticəsində texniki sənədləşmə prosesi tamamlanmayıb. Həmçinin torpaqların qeyri-yaşayış (kənd təsərrüfatı) təyinatlı olması əlavə hüquqi əngəllər yaradıb.
İcra Hakimiyyəti sakinlərə məsələnin yalnız qanunvericilik çərçivəsində, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmaqla həll edilə biləcəyini tövsiyə edir. Bununla yanaşı, RİH hazırda tullantıların daşınması və bəzi texniki problemlərin həllində iştirak etdiyini də bildirir.
FHN: Tikinti başa çatıb, amma istismar aktı yoxdur
Fövqəladə Hallar Nazirliyindən isə Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, kompleksə baxış keçirilib. 38 binanın hamısında tikinti işləri başa çatsa da, yalnız 17 binaya rəsmi istismara hazırlıq aktı və çıxarış təqdim olunub. Qalan 21 binaya isə bu sənədlər verilməyib.
Binaların layihəsinə 2008, 2010 və 2013-cü illərdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müsbət rəy verilsə də, onların hüquqi statusu bu gün də qeyri-müəyyəndir.
Qanunsuzluq necə baş verdi – cavabdeh yoxdur
Araşdırmalar göstərir ki, vaxtilə kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlar naməlum yollarla MTK-ya satılıb və həmin ərazilərdə çoxmənzilli binalar inşa edilib. Sakinlərin hüquqi sənədsiz qalmasının əsas səbəbi də elə bu qanunsuz başlanğıcdır. Hazırda nə MTK-nın rəhbərliyi, nə də onların hüquqi nümayəndələri ortalıqdadır – bir çoxları ya vəfat edib, ya da həbsdədir. Və beləliklə, yüzlərlə ailə “öz evlərində girov həyatı” yaşayır.
“Binalar” yaşayış kompleksinin sakinlərini hazırda bu məsələ çox narahat edir.
“Biz bu evləri alarkən dövlətin icazəsi vardı, notarial sənədlər imzalanmışdı. İndi isə heç kim cavabdeh olmaq istəmir. Mülkiyyət sənədini nə zaman ala biləcəyik?” – deyə sakinlər müvafiq qurumlardan cavab gözləyirlər.
Foto: Sadıq Əliverdibəyli