Qubada gənclər üçün 5 günlük layihə həyata keçirilib.
Yurd.Media xəbər verir ki, “Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə öz işini davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi Quba gənclərinin dövlət dəstək mexanizmləri barədə məlumatlılığını artırmaqla yanaşı, onların liderlik bacarıqlarını, yaradıcılıq potensialını və vətəndaş məsuliyyətini gücləndirməyə xidmət edib.
Qubada təşkil olunan layihənin açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək bu cür layihələrin regionlarda yaşayan gənclərin inteqrasiyasına, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və şəxsi inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
5 günlük proqram müddətində Quba rayonunun gəncləri “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Yaradıcı gənclik”, “Vətənpərvər gənclik”, “Suveren gənclər” və “Əyləncə” adlı zonalarda keçirilən interaktiv və təcrübəyə əsaslanan müxtəlif fəaliyyətlərdə aktiv iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə 5 avqustdan tarixindən icra olunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında uğurla həyat keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncliyi arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə şərait yaradır.