Bini savadsızlığın fərdi və ictimai səviyyədə yaratdığı fəsadlar dərindən analiz edərək bu problemlə mübarizə məsələri müzakirə olunub.
Yurd.Media xəbər verir ki, “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun panel sessiyaları yekunlaşıb.
“Dini savadsızlığın yaranma səbəbləri, doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları” adlı panel Özbəkistan Beynəlxalq İslam Akademiyasının birinci prorektoru, siyasi elmlər doktoru Xabibullo Sadıbakosevun moderatorluğu ilə baş tutub.
Paneldə Kırıkkale Universiteti İslam elmləri fakültəsinin professoru Şahin Ahmetoğlu, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, BƏƏ-nin Əl-Eyn Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Məhəmməd Eyd Məhəmməd Hüseyn Qaraan, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Dürdanə Cəfərli məruzə ediblər. Panel iştirakçıları dini savadsızlığın fərdi və ictimai səviyyədə yaratdığı fəsadları dərindən analiz edərək bu problemlə mübarizə üçün təhsil və maarifləndirmənin önəmli olduğunu bildiriblər.
Paralel davam edən “Ənənəvi və yeni mediada din təhsili” adlı panel Albaniya Şərqşünaslıq Mərkəzinin icraçı direktoru Ermal Beqanın moderatorluğu ilə keçirilib. Paneldə Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, Malayziya Beynəlxalq İslam Universitetinin İslam Bankçılığı və Maliyyəsi İnstitutunun dosenti Şarofiddin Aşurov, Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə və Azərbaycan Dillər Universiteti Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəyim Abdulla çıxış ediblər. Müzakirələrdə rəqəmsal dövrün gətirdiyi imkanlar və təhlükələrlə bağlı geniş fikir mübadiləsi aparılıb, ənənəvi dini təhsil metodlarının əhəmiyyətinə toxunulub, yeni media vasitələrinin (sosial media, video platformalar və s.) din təhsili sahəsindəki rolu və potensialı müzakirə olunub. Müzakirələrdə yeni mediada dini məlumatın düzgün şəkildə yayılmasının və gənclərə etibarlı dini biliklərin çatdırılmasının vacibliyi qeyd olunub.