Süni İntellekt platformasını mənəvi dəyərlərə uyğunlaşdırmaq lazımdır.
Yurd.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəfail Hüseynov "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.
Deputat cəhaləti İslama kölgə salan hal kimi qeyd edərək deyib ki, elə bir dövr olub, dünyanın hər yerində yeni texniki tərəqqi nümunələrinə şeytan əməli kimi baxılıb:
"Ancaq elmi tərəqqidən düzgün istifadə zamanı bu şeytan əməli kimi qiymətləndirilən yeniliklərin hamısı insanların yardımçısına çevirilib".
Onun fikrinə görə yaxşı din mütəxəssisləri yetişdirmək yeganə şərt deyil:
"İlahiyyatla çağdaş elmlərin vəhdətini qurmaq lazımdır. Dini biliklərini siyasi təfəkkür ilə zənginləşdirmiş mütəxəssislər də yetişdirmək vacib məsələdir".
O əlavə olaraq qeyd edib ki, dini-mənəvi dəyərləri mühafizə etməyin başlıca vasitələrindən biri cəmiyyətdəki nizami qorumaqdır.
Milli Məclisin deputatı Fazil Mustafa isə simpoziumda çıxışında bildirib ki, konfransın əsas məqsədi modern dini təhsilin hansı istiqamətdə aparılmasının müəyyənləşdirilməsidir.
Deputat qeyd edib ki, məsələyə müxtəlif ölkələrin siyasi quruluşu konteksində baxmaq lazımdır:
“Azərbaycan dünyəvi dövlətdir. Ona görə də biz dini təhsilə dünyəvi dövlət modeli fonunda baxmalıyıq. Eyni zamanda konstitusiyamızın 48-ci maddəsində vicdan azadlığı prinsipi qəbul olunub".
Deputat qeyd edib ki, dini tendensiyalar ictimai qayda və əxlaqa zidd gəlmirsə, dövlət buna heç bir halda zidd getməməlidir:
"Tolerant yanaşmanın nümunəsidir kimi qeyd edə bilərik ki, dövlət dini təhsilin necə təşkil olunmasına müdaxilə etmir. Lakin bu tədrisin siyasi məcraya keçməməsi və digər mənfi halların yaranmaması üçün nəzarət mexanizmi mövcuddur".
Milli Məclisin deputatı Anar İsgəndərov isə simpoziumda çıxışında dini dəyərlərin Azərbaycan xalqının yaddaşında əsrlər boyu formalaşdığını vurğulayıb.
Deputat dini təəssübkeşliyin tarixi-xronoloji ardıcıllığına nəzər salaraq qeyd edib ki, hələ Çar Rusiyası dövründə müsəlman ruhani idarələri yaradılıb və dini təhsil davam etdirilib:
"Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq cəmiyyətin dini həyatına həssas yanaşıb, müvafiq struktur formalaşdırıb. Həmçinin mətbuatda dini dəyərlərin qorunması təbliğ edilib.
İndiki müstəqil dövlətimizin bayrağındakı rəng və simvollar hələ AXC dövründən qəbul edilmiş "islamlaşmaq" prinsipinin sübutudur".