Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların hüquqlarının qorunmasına və onların rifahına diqqət çəkmək məqsədilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Cəmiyyətin gələcəyini formalaşdıran uşaqlar üçün təhlükəsiz, sağlam və ədalətli mühitin yaradılması bu gün bir daha gündəmə gətirilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Fəaliyyət Planları, təhsil və sosial müdafiə proqramları bu sahədə hüquqi və institusional bazanı formalaşdırır.
Eyni zamanda, uşaqların zorakılıqdan və istismardan qorunması, azyaşlıların hüquqi maarifləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi istiqamətində layihələr həyata keçirilir.
Azərbaycanda 1 İyun münasibətilə hər il uşaq festivalları, konsert proqramları, rəsm və idman müsabiqələri, sosial aksiyalar təşkil olunur. Həm paytaxt Bakıda, həm də regionlarda məktəblər, bağçalar və mədəniyyət mərkəzlərində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər keçirilir.