Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu platformalardan həddindən artıq istifadə rəqəmsal yorğunluğa, psixoloji gərginliyə və sosial problemlərə səbəb ola bilər.
Bəzən gününün böyük hissəsini sosial şəbəkələrdə keçirən istifadəçilər vurğulayır ki burada gördüyü həyat tərzi ona təsirsiz ötüşmür. Əsas yaranan problemlər:
- Orada insanların xoşbəxt həyatlarını, səyahətlərini, uğurlarını görəndə istifadəçi düşünür ki, "kaş mənim də onlar kimi həyatım olardı".
- Bəzən öz həyatı ilə müqayisə edir və bu narazılıq hissi yaradır.
- Vaxtın necə keçdiyini hiss etmir.
- Sonradan anlayır ki, sosial şəbəkədə gördüyümüz hər şey reallığı tam əks etdirmir, amma yenə də bunun təsirindən çıxmaq həmişə asan olmur.
Psixoloq Aytən Ələkbərova Yurd.Media-ya bildirib ki, sosial şəbəkələrdən nəzarətsiz istifadə insanın psixoloji vəziyyətinə ciddi təsir göstərir.
Onun sözlərinə görə, insan yuxusu gəldiyi halda belə telefondan ayrıla bilmirsə, bu artıq ciddi asılılığın göstəricisidir.
Psixoloq bildirir ki, belə hallarda insanlar öz həyatlarına fokuslanmaq əvəzinə başqalarının həyatını izləyir və onlarla müqayisə aparırlar:
“İnsan ilk növbədə özü özünə sərhəd qoymalıdır. Daha sonra sosial şəbəkələrdən istifadə ilə bağlı müəyyən limitlər müəyyənləşdirməlidir. Bu edilmədiyi halda problemin ağırlaşmış formasını artıq insanın özü deyil, ətrafındakılar görməyə başlayır. Çünki həmin mühitin içində olan şəxs çox vaxt problemini dərk edə bilmir”, – deyə psixoloq qeyd edib.
Aytən Ələkbərovanın fikrincə, bəzi hallarda vəziyyət o həddə çatır ki, insanın normal həyat tərzinə qayıtması üçün psixoloji, hətta psixiatrik dəstəyə ehtiyac yaranır. O vurğulayıb ki, sosial şəbəkələr bəzi insanlara fayda versə də, digərlərinin özlərini başqaları ilə müqayisə etməsinə və psixoloji gərginlik yaşamasına səbəb olur.
Psixoloq Aytən Ələkbərova