SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bilgəh qəsəbəsində həyətlər və yollar su altında - FOTOREPORTAJ

Bilgəh qəsəbəsində həyətlər və yollar su altında - FOTOREPORTAJ

Bakı

Sabunçu rayonunun Bilgəh qəsəbəsində yağan leysan yağışlardan sonra yeraltı suların səviyyəsinin qalxması ciddi problemlərə səbəb olub. 

Yurd.Media xəbər verir ki, bir sıra küçələrdə həyətlər su altında qalıb, yollar yararsız vəziyyətə düşüb.

Qəsəbə sakini Solmaz Rəhimovanın sözlərinə görə, yeraltı suların səviyyəsi qalxaraq həyətə dolur və su evin yaxınlığına qədər çatır.

“Su xüsusi texnika vasitəsilə çəkilsə də, qısa müddət sonra yenidən həyətə dolur. Problem davamlı xarakter alıb”, – deyə sakin bildirib.

Bilgəh qəsəbəsinin 4-cü sahəsində, Nəsibə Zeynalova küçəsində yaşayan digər sakin Vüsal Məmmədov isə bildirib ki, leysan yağışlar nəticəsində avtomobil yolu ciddi zərər görüb.

Onun sözlərinə görə, küçədə yaranan iri gölməçələr uzun müddət çəkilmir, bəzi hissələrdə suyun dərinliyi artdığından avtomobillərin hərəkəti çətinləşib və nəqliyyat vasitələrinə ziyan dəyir.

Sakinlər qeyd edirlər ki, Bilgəh uzun illərdir zəfərançılıq ənənələri ilə tanınır. Qumlu və quru torpaqları ilə seçilən ərazidə yeraltı suların səviyyəsinin yüksəlməsi zəfəran təsərrüfatlarına da mənfi təsir göstərə bilər.

Bilgəh bələdiyyəsindən verilən məlumata görə, məsələ nəzarətdə saxlanılır. Bildirilib ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib və drenaj sisteminin qurulması ilə bağlı layihə hazırlanır.

Rəsmi açıqlamada qeyd olunub ki, problemin həlli ilə bağlı işlərin başlanma vaxtı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qərarından asılıdır.

Eyni zamanda vurğulanıb ki, suyun xüsusi texnikalar vasitəsilə mütəmadi çəkilməsi problemin tam həlli hesab edilmir. Bələdiyyədən bildirilib ki, bu halda yeraltı suların daha intensiv şəkildə üzə çıxması riski yaranır.

Drenaj sisteminin quraşdırılması işlərinin nə vaxt başlanacağı ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə göndərilən sorğunun cavabı gözlənilir.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları