Ekspert: Yeni binalar 8-9 ballıq zəlzələyə davamlıdır

Ekspert: "Yeni binalar 8-9 ballıq zəlzələyə davamlıdır"

Azərbaycanda köhnə binaların bir çoxunda rekonstruksiya işləri aparıldığı üçün onların zəlzələyə davamlılığı azalıb. Yeni tikililərdə isə bu məsələyə daha ciddi nəzarət edilir.

Yurd.Media xəbər verir ki, ekspertlərin fikrincə, Azərbaycan da Türkiyə kimi aktiv seysmik zonada yerləşir. Bu da o deməkdir ki, zəlzələ təhlükəsi hər zaman mövcuddur. Mütəxəssislər bildirirlər ki, bu risk yalnız nəzəri deyil, tam reallıqdır. Ölkə olaraq bu təhlükəyə qarşı hazırlıqlı olmaq vacibdir.

Tikinti sahəsində 40 ildən çox təcrübəsi olan mühəndis Şahin Məmmədov deyir ki, binaların möhkəmliyi üçün tikinti normalarına ciddi əməl olunmalıdır:

“Layihələndirmə zamanı vacib elementlər nəzərə alınır. Amma tikinti işləri zamanı, yəni praktikada, bəzi problemlər yaranır. Bu da əsasən rəhbərliyin məsuliyyətsizliyindən qaynaqlanır,” – deyə o bildirib.

Ş.Məmmədovun sözlərinə görə, binalarda simmetrik ölçülər və qısa sütunlar kimi mühüm dizayn prinsipləri onların zəlzələyə davamlılığını artırır. Tikinti başa çatdıqdan sonra isə binanın daşıyıcı sisteminə edilən dəyişikliklər təhlükəli ola bilər:

“Daşıyıcı sütun və divarlarda edilən hər hansı dəyişiklik yalnız rəsmi icazə ilə həyata keçirilməlidir. Əks halda, binanın dayanıqlılığı təhlükəyə düşür”, – deyə Məmmədov əlavə edib.

Tikintiyə nəzarəti Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Bu qurum tikinti başlamazdan əvvəl layihələri yoxlayır və yalnız bütün normalara uyğun olduqda tikintiyə icazə verilir.

Mütəxəssislər xüsusilə köhnə və istismar müddətini başa vurmuş binalara xüsusi diqqət yetirilməsini vacib sayırlar. Bu binalarda daşıyıcı elementlər dinamik və statik testlərlə yoxlanmalı, lazım olduqda gücləndirilməlidir.

Hazırda tikilən yeni binaların əksəriyyəti 8-9 ballıq zəlzələyə davamlı hesab olunur. Lakin bu göstəricilər köhnə binalara aid deyil və həmin tikililər daha yüksək risk altındadır.

Son dövrlərdə Türkiyədə baş verən güclü zəlzələlər Azərbaycanda da narahatlıq yaradıb. Amma mütəxəssislər bildirirlər ki, bu narahatlıq əsaslı deyil:

“Türkiyədə baş verən zəlzələlərin Azərbaycana birbaşa təsiri yoxdur. Ölkəmizin özündə ildə 5-6 min yeraltı təkan qeydə alınır. Əsas seysmik aktiv zonalar isə Şamaxı və İsmayıllı bölgələrindədir. Buna görə də Bakıda ciddi təhlükə gözlənilmir”, – deyə seysmoloq Qurban Yetirmişli qeyd edib.


Qeyd edək ki, mütəxəssislər və aidiyyəti qurumlar vurğulayırlar ki, əsas diqqət ölkə daxilindəki tikililərin möhkəmliyinin və təhlükəsizliyinin təmin olunmasına yönəldilməlidir.