SÜJET
Səbail rayonu, Badamdar qəsəbəsində bir ərazidə acınacaqlı vəziyyət hökm sürür.
Yurd.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, qəsəbənin Şərq küçəsində bir müddət əvvəl qaz xətti çəkilib, lakin qazıntı aparılan ərazidə asfalt örtüyü bərpa olunmayıb. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirir. Sakinlərin öz vəsaitləri hesabına çəkilən asfaltın bərpa olunmaması narazılığa səbəb olub.
Sakinlərin sözlərinə görə, iyunun 10-da küçədə qazıntı işləri aparılıb, lakin işlər tam yekunlaşdırılmadan ərazi tərk edilib. Toz-torpaq səbəbindən həyətlərdə oturmaq mümkün deyil. Sakinlər tərəfindən əkilən ağaclar da artıq qurumağa başlayıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, problem hələ də həllini tapmayıb.
Artıq bir aydır davam edən bu problemlə ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunub. Bildirilib ki, əsaslı təmir planına uyğun olaraq əraziyə qaz xətti çəkilib və işlər davam edir. Paralel olaraq əraziyə yaxın digər hissədə də işlər aparılır. Bütün işlər yekunlaşdıqdan sonra asfalt örtüyünün bərpası nəzərdə tutulur.