SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Tibbi tullantıların AQİBƏTİ: Klinikalar çeşidləmir, bəziləri torpağa basdırır - ARAŞDIRMA

Tibbi tullantıların AQİBƏTİ: Klinikalar çeşidləmir, bəziləri torpağa basdırır - ARAŞDIRMA

Azərbaycanda səhiyyə sisteminin ən az görünən, amma ən vacib sahələrindən biri tibbi tullantıların idarə olunmasıdır. Klinikalarda, laboratoriyalarda, stomatoloji kabinetlərdə, hətta gözəllik salonlarında hər gün yüzlərlə kiloqram təhlükəli tullantı yaranır. Lakin bu tullantıların sonrakı taleyinin necə olduğu çoxlarına məlum deyil.

Yurd.Media-nın araşdırması nəticəsində məlum oldu ki, tibbi tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi sahəsində həm hüquqi, həm də praktiki boşluqlar mövcuddur.

Tibbi tullantının hara getdiyini tibbi personal belə bilmir

Araşdırma zaman bir neçə tanınmış həkimlə əlaqə yaratdıq və məlum olub ki, ölkədə tibbi personalın böyük hissəsi tullantının düzgün idarə edilməsindən xəbərsizdir. 

Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov Yurd.Media-ya bildirib ki, bu sahədə laqeydlik hiss olunur:

“Azərbaycanda tibb müəssisələrin böyük hissəsi düşünür ki, tibbi tullantının taleyi onların işi deyil. Halbuki ən böyük təhlükə çeşidlənmənin səhv aparılması ilə başlayır”.

Onun sözlərinə gorə, bəzi yerlərdə tullantılar hələ də primitiv üsulla basdırılaraq “utilizasiya” edilir:

“Bizə çatan məlumatlarda deyilir ki, müxtəlif fərdi sahibkarlar tibbi tullantıları toplayıb basdırır. Bu, infeksiya və yoluxucu xəstəliklər üçün real təhlükə mənbəyidir”.

Hüseynov hesab edir ki, məsələ həm Səhiyyə Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılmalıdır.

Dövlət qurumların natamam cavabları

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibbi tullantıların idarə olunması qanunvericiliklə tənzimlənir. Nazirlik bir neçə əsas normativ sənədi təqdim edib.

Belə ki, “Tullantılar haqqında” qanunda bildirilir ki, Nazirlər Kabinetinin 213 nömrəli qərarına əsasən “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” (2007) və Nazirlər Kabinetinin qərarı 228 nömrəli qərarına əsasən “Təhlükəli tullantıların saxlanması qaydası” (2016)-na uyğun həyata keçirilir. 

Nazirlik həmçinin bildirir ki, tibbi tullantıların utilizasiyası İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırılmış şirkətlər tərəfindən həyata keçirilir və proses BMT-nin Bazel Konvensiyasına uyğunlaşdırılıb.

Lakin hansı şirkətlərin bu işlə məşğul olduğu və illik statistika açıqlanmadı. 

Qeyd edək ki, 2024-cü ildən tibbi tullantıların daşınması və utilizasiyası üzrə tender səlahiyyəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib. Lakin TƏBİB-dən hansı şirkətlərin tenderdə qalib gəldiyi, illik tibbi tullantı həcmi və daşınma və utilizasiya prosesinin detallarına dair heç bir rəsmi cavab almaq mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Yurd.Media-ya bildilib ki, onların məlumatında yalnız "Təmiz Şəhər" ASC ilə bağlı rəsmi göstəricilər mövcuddur. Nazirlik vurğulayır ki, tibbi tullantıların təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məhz bu qurumun üzərinə düşür, digər məlumatlar isə daşıyıcı şirkətlərdən asılıdır. 

Klinikalardakı real mənzərə — çeşidlənmə yoxdur

Araşdırmalar göstərir ki, ölkədə klinikaların böyük əksəriyyətində tullantılar düzgün çeşidlənmir. Tibbi personalın tullantıların idarə olunması sahəsində bilikləri minimum səviyyədədir. Xüsusilə gözəllik salonları və kiçik özəl stomatoloji kabinetlərdə və sağlamlıq mərkəzlərdə təhlükəli tullantılar çox zaman adi məişət tullantısı kimi atılır.

Bu isə hepatit, HIV, müxtəlif bakterial infeksiyalar və digər yoluxucu xəstəliklərin yayılması riskini artırır.

"Təmiz Şəhər"in sterilizasiya mərkəzi 

“Təmiz Şəhər” ASC-dən isə Yurd.Media-ya bildrilib ki, 2025-ci ildə Bakı şəhərində Tibbi Tullantıların Sterilizasiya Mərkəzi istifadəyə verilib.

Mərkəzə hazırda 3 daşıyıcı şirkət tullantı təhvil verir və indiyədək 20 m³ təhlükəli tibbi tullantı qəbul olunub.

Tullantılar əvvəlcə soyuducu anbarda saxlanılır, daha sonra doğranaraq 130–135°C temperaturda sterilizasiya edilir. Bu proses nəticəsində tullantılar tam təhlükəsiz formaya gətirilir. Bu metod ÜST tərəfindən tövsiyə olunan ən müasir yanaşmalardan biridir.

Mərkəz yalnız B və C kateqoriyalı tullantıları qəbul edir. Bu tullantılar şprislər, iynələr, biomaterial qalıqları,kəskin və zədələyici alətlər, infeksion materiallar, kontaminasiya olunmuş sarğı, bint, maska və s.

Daşıyıcı şirkətlər tullantıları xüsusi qablaşdırma və qeydiyyat qaydalarına uyğun təqdim etməlidir. Mərkəzdə müasir təhlükəsizlik avadanlıqları, təlim keçmiş personal və nəzarət sistemi fəaliyyət göstərir.


Foto: Sadıq Əliverdibəyli

Prime Leasing
SPE Annual Caspian