45 yaşından sonra qidalanma rejiminə edilən düzəlişlərin insan həyatını təqribən 3 il artıra biləcəyi müəyyən olunub.
Yurd.Media xəbər verir ki, bu beynəlxalq tədqiqat İngiltərədəki UK Biobank məlumat bazası əsasında aparılıb.
Tədqiqat çərçivəsində 10 illik dövr ərzində 103 649 nəfərin 5 müxtəlif qidalanma modeli, ölüm göstəriciləri və yaşam müddəti ilə potensial bağlılığı təhlil edilib. Orta hesabla 10,6 illik müşahidə müddətində 4 314 ölüm halı qeydə alınıb. İştirakçıların "Alternativ Sağlam Qidalanma İndeksi-2010", "Alternativ Aralıq Dənizi Diyeti (aMED)", "Sağlam Bitki Əsaslı Qidalanma İndeksi (hPDI)", "Hipertoniya ilə Mübarizə üçün Qidalanma Yanaşmaları" və "Diabet Riskini Azaltma Diyeti (DRRD)" kimi qidalanma modelləri ölüm nisbətlərinin aşağı düşməsi və həyat müddətinin artması ilə əlaqələndirilib.
Tədqiqatın nəticələrinə əsasən, sağlam qidalanma rejimi kişilərin ömrünü 1,9-3 il, qadınların isə 1,5-2,3 il artıra bilər. Həyat müddətinin kişilərdə ən çox DRRD modeli, qadınlarda isə aMED rejimi sayəsində uzandığı aşkar edilib. Bununla yanaşı, bu nəticələrin genetik meyllər ilə bağlılığı da vurğulanıb.
Araşdırmanın əsas nəticəsi onu göstərir ki, sağlam qidalanma vərdişləri insanların genetik xüsusiyyətlərindən asılı olmayaraq ömür müddətini uzatma üstünlüyü yaradır.