Çay, xüsusilə soyuq mövsümlərdə orqanizmi isidən və hər gün həvəslə istehlak edilən ən populyar içkilərdən biridir. Ancaq müəyyən şəraitlərdə çayın istehlakının ciddi fəsadlara yol aça biləcəyi müəyyən edilib. Çayın həddən artıq miqdarda və ya çox qaynar halda qəbulu bədən üçün təhlükə mənbəyinə çevrilə bilər, hətta həyat üçün risk yarada bilər.
Bəs çay içərkən hansı nüanslara fikir verməliyik ki, sağlamlığımızı qoruyaq?
Yurd.Media çay istehlakı zamanı nəzərə alınmalı əsas məqamları diqqətinizə çatdırır:
Çayı həddən artıq isti halda içmək:
Aparılmış tədqiqatlar sübut edir ki, çox qaynar içkilərin, o cümlədən çayın qəbulu qida borusu xərçəngi ehtimalını artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çayın 60 dərəcədən yuxarı temperaturda içilməsini riskli hesab edir. Çayı soyumağa imkan vermədən qəbul etmək qida borusunda istilik yanıqlarına, uzunmüddətli perspektivdə isə xərçəng xəstəliyinə gətirib çıxara bilər.
Çayın lazım olandan çox miqdarda istehlakı:
Gün boyu çox həcmdə çay içmək də sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər. Çayın kompozisiyasında yüksək konsentrasiyada kafein və tein mövcuddur ki, bu komponentlər ürək döyüntüsünü pozma, qan təzyiqinin yüksəlməsi və həzm sisteminə aid problemlər yarada bilər. Ən ciddi hallardan biri odur ki, bədəndə kalsium səviyyəsinin azalması sümüklərin gücsüzləşməsinə və nəticədə sümük əriməsi riskinin yaranmasına gətirib çıxara bilər.
Çayı dərman preparatları ilə birlikdə qəbul etmək:
Çayın tərkibindəki bəzi komponentlər dərmanların effektivliyini azalda və ya onlarla qarşılıqlı reaksiyaya girərək arzuolunmaz nəticələrə yol aça bilər. Xüsusilə dəmir preparatları qəbul edən insanlar üçün çay istehlakı dəmirin orqanizm tərəfindən mənimsənilməsini əngəlləyir. Elə buna görə də mütəxəssislər dərman qəbulundan dərhal sonra çay içilməsini tövsiyə etmir.
Mədə xəstəlikləri olan şəxslər üçün böyük təhlükə:
Çayın tərkibindəki turşu maddələri mədə problemlərindən əziyyət çəkən insanlar üçün xüsusi risk daşıyır. Qastrit, mədə xorası kimi xəstəliklərə düçar olan şəxslər həddindən artıq çay istehlak etdikdə mədə turşuluğu yüksələ bilər və bu vəziyyət mövcud xəstəliklərin daha da kəskinləşməsinə səbəb ola bilər.