SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Energetik içkilər uşaqların sağlamlığına ciddi risk yaradır - Dövlət Agentliyindən XƏBƏRDARLIQ

Energetik içkilər uşaqların sağlamlığına ciddi risk yaradır - Dövlət Agentliyindən XƏBƏRDARLIQ

  • 18 may 2026, 11:54

Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) Yurd.Media-ya bildirilib.

Agentlik açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayaraq bildirib ki, son dövrlər energetik içkilərin istehlakı, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artıb və bu, uşaqların sağlamlığı üçün ciddi risk yaradır.

Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

Dövlət Reklam Agentliyi bildirir ki, reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tələbləri ilə kifayətlənməmək, eyni zamanda ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunub:

- energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi;

- reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması;

- energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtəələrin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ətrafında (qanunvericiliklə müəyyən edilmiş məsafə nəzərə alınmaqla) yerləşdirilməsinə yol verilməməsi;

- reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması;

- istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdaredici məlumatların verilməsinə dəstək göstərilməsi.

Artıq bu mövzuda maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. ADRA tərəfindən yayımlanan sosial reklam çarxlarında da energetik içkilərdən istifadə olunması ilə bağlı reklamda yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilməsinin qadağan olduğu vurğulanır və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə müvafiq çağırışlar edilir.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi kimi reklam olunan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+ Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları