Uzun müddət aclığa səbəb olan oruc tutmaq, kalori qəbulunu məhdudlaşdırır, maddələr mübadiləsini və bədəndəki yağların parçalanma prosesini sürətləndirir. Məhz bu səbəbdən tibb ictimaiyyəti tərəfindən də oruc insan sağlamlığı üçün çox faydalı hesab edilir. Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini azaltmağa və qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir. Azaldılan insulin müqaviməti də qlükozanın qan dövranından hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir.
Yurd.Media xəbər verir ki, Ramazan ayında oruc tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, oruc tutmaq insan sağlamlığına mənfi təsir göstərə bilər.
İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar (xüsusilə ilk 3 və ya son 3 ayda), qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya onikibarmaq bağırsaqda xorası, xroniki qaraciyər və xroniki böyrək xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbindən əməliyyat keçirən və müntəzəm qidalanması vacib olan, aktiv yoluxucu bir xəstəliyi olanlar həkimlərinin icazəsi olmadan oruc tutmamalıdırlar.