SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Psixiatr: “Ruhi xəstəliklər uşaqlıq travması, stress və genetik meyllə bağlı ola bilər”

Psixiatr: “Ruhi xəstəliklər uşaqlıq travması, stress və genetik meyllə bağlı ola bilər”

Ruhi xəstəliklərin yaranma səbəblərinin müxtəlif olduğunu bildirir. 

Yurd.Media xəbər verir ki, bu xəstəliklər bəzən uşaqlıq travmaları, uzunmüddətli stress, ağır həyat hadisələri, genetik meyllilik, beyində kimyəvi maddələrin disbalansı və ya digər bioloji və sosial faktorlarla əlaqəlidir.

Həkim-psixiatr Cəmilə İsmayılova "İctimai TV"-yə  bildirib ki, xəstəliklərin səbəbindən asılı olmayaraq, hər biri müalicəyə ehtiyac duyur. Ən çox rast gəlinən pozuntular sırasında depressiya, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntu, affektiv pozuntular, davranış və yuxu pozuntuları, şəxsiyyət pozuntuları və demensiya yer alır.

Həkimin fikrincə, insanın davranışında qəfil dəyişikliklər, özünəqapanma, ictimai yerlərdən qaçma, davamlı kədər və ya maraq itkisi varsa, bu psixi narahatlıqdan xəbər verə bilər. Belə hallarda yaxınlarının ilk addımı mütəxəssisə – psixoloq və ya psixiatra müraciət etmək olmalıdır.

Cəmiyyətin bu məsələyə münasibəti dəyişməkdədir. Keçirilən sorğulara əsasən, əksər insanların artıq dini üsullardan çox həkimlərin köməyinə üstünlük verdiyi aydın olur. Dini inanclar bu hallarda motivasiya verə bilər, lakin diaqnoz və müalicə yalnız mütəxəssis tərəfindən aparılmalıdır.

Bu məsələlərə ciddi yanaşılmasının vacibliyini son günlərdə baş verən hadisələr də göstərir. Bir neçə gün əvvəl Bakıda marşrut avtobusunda əlində bıçaq olan qadının sərnişinlərə qorxu dolu anlar yaşatması geniş müzakirəyə səbəb oldu. Hadisə zamanı qadının ruhi xəstə olduğu məlum olub və sərnişinlər onun davranışlarından ehtiyat edərək ondan uzaqlaşıblar.

Bundan iki gün əvvəl isə ruhi xəstə olan başqa bir şəxs doqquz ədəd metal qaşı udaraq xəstəxanaya yerləşdirilmişdi. Hər iki hal bir daha göstərir ki, psixi xəstəliklər yalnız fərdi problem deyil, ictimai təhlükəsizlik məsələsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 4751, 2022-ci ildə isə 6983 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub. 2023-cü ilin son göstəricilərinə əsasən, ölkədə rəsmi qeydiyyatda olan psixi xəstə sayı 113 min 216 nəfər təşkil edir. Bu statistika psixi sağlamlığa daha çox diqqət yetirilməsinin zəruriliyini ortaya qoyur.

Prime Leasing