Kürdəmirdə 80-dən çox uşaq tibbi müayinədən keçirilib.
Yurd.Media xəbər verir ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində Kürdəmir rayonunda Xırdapay kənd tam orta məktəbində təşkil olunan müayinələrdə həkim-pediatr, həkim-oftalmoloq və digər ixtisaslı tibb mütəxəssisləri iştirak ediblər. Keçirilən profilaktik baxışlar zamanı ümumilikdə 100-dən çox şagird ilkin müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində sağlamlıq problemi aşkarlanan uşaqlar barədə məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərə qısa müddət ərzində ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək daha geniş müayinələrdən keçmək və aşkarlanan xəstəliklərin müalicəsinə başlamaq tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına uyğun olaraq davam etdirilir. Dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə hallarının, sağlamlıq imkanlarının məhdudlaşmasının və ölüm səviyyəsinin azaldılmasıdır.