SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Estetik cərrahiyədə boşluqlara son: Vahid standartlar hazırlanır

Estetik cərrahiyədə boşluqlara son: Vahid standartlar hazırlanır

Plastik və estetik cərrahiyə sahəsində hüquqi boşluqların aradan qaldırılması istiqamətində yeni addımlar atılır.

Yurd.Media xəbər verir ki, Səhiyyə Nazirliyi bu məqsədlə klinik protokollar hazırlayır. Nazirlikdən verilən məlumata görə, bu protokollar vasitəsilə əməliyyatların hansı hallarda, hansı şərtlərlə və kim tərəfindən icra olunmalı olduğu aydın şəkildə müəyyən ediləcək.

Hazırda ölkədə plastik cərrahiyə əməliyyatları ilə bağlı vahid standartların olmaması bir sıra problemlərə səbəb olur. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, ekspert Pərvanə Vəliyeva "Xəzər Xəbər"-ə verdiyi açıqlamada bildirib ki, bu sahədəki normativ boşluqlar həm həkimlər, həm də pasiyentlər üçün risk yaradır:


“Hansı hallarda plastik əməliyyatın icra oluna bilməsi, əməliyyatın hansı şəraitdə və hansı ixtisaslı həkim tərəfindən aparılması ilə bağlı indiyə qədər aydın bir mexanizm yox idi. Yeni hazırlanan protokollar məhz bu boşluqları aradan qaldıracaq”.

Deputat əlavə edib ki, plastik cərrahiyə əməliyyatlarının konkret normativlərlə tənzimlənməsi bu sahədə keyfiyyətin artırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına imkan verəcək:


“Məsələn, hansı əməliyyatın ümumi cərrah, hansı əməliyyatın isə yalnız plastik cərrah tərəfindən həyata keçirilməli olduğu yeni protokollarda açıq şəkildə qeyd olunacaq”.

Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, hazırda klinik protokolların hazırlanması prosesi davam edir. Bu sənədlərin bir qisminin cari ilin sonunadək yekunlaşdırılıb təsdiqlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni protokolların tətbiqi ilə plastik cərrahiyə sahəsində həm pasiyent təhlükəsizliyi güclənəcək, həm də xidmətin keyfiyyətində ciddi yüksəliş gözlənilir.