Dəmir orqanizmin düzgün fəaliyyəti üçün ən vacib elementlərdən hesab olunur. Dəmir hemoglobinin tərkib hissəsi olaraq qırmızı qan hüceyrələrinə oksigeni qəbul etməyə və onu bədənin hər bir hüceyrəsinə çatdırmağa kömək edir. Bu oksigen orqanizmin normal işləməsi üçün zəruridir. Müasir dövrdə çoxlu sayda insan dəmir azlığı problemi ilə üzləşir. Bu vəziyyət onların orqanizmində müxtəlif formalarda özünü göstərir.
Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, dəmir çatışmazlığının 8 əsas əlamətini təqdim edir:
Buz və ya təbaşir yemək istəyi:
Bu vəziyyət qeyri-adi görünə bilər, lakin bu, həmin şəxsin orqanizmində dəmir çatışmazlığına işarə edən ilk əlamətlərdən biridir.
Soyuq əl və ayaqlar:
Bu əlamət birbaşa dəmir əskikliyi ilə bağlıdır və hətta isti hava şəraitində belə əl-ayaqlarınız buz kimi soyuq ola bilər.
Tez-tez başağrısı və baş fırlanması:
Beynə kifayət qədər oksigenin çatmaması, xüsusən ayağa durarkən baş ağrılarına və başgicəllənməyə səbəb ola bilər.
Özünü daima yorğun hiss etmək:
Yetərincə yuxu almağınıza baxmayaraq hələ də özünüzü yorğun hiss edirsinizsə, mütləq orqanizmdəki dəmir səviyyəsini yoxlatmalısınız.
Dırnaqların qırılması:
Əgər dırnaqlarınız mütəmadi olaraq qırılır və qaşıq şəklini alırsa, bu halda orqanizminizin dəmirə ehtiyacı olduğunu göstərir.
Saç tökülməsi:
Saçlarınız həddən artıq tökülürsə, bu, saç dərisinin lazımi miqdarda oksigenlə təmin olunmadığına işarədir.
Yorğun üz və gözaltı şişlər:
Bu əlamətlər dəmir əskikliyindən xəbər verir. Qanda oksigenin çatışmaması dəmir azlığından qaynaqlanır və bu, yorğun görünüşə səbəb olur.
Gecə yatanda ayaqların narahatlığı:
Əgər yatarkən ayaqlarınızda sizi narahat edən qeyri-iradi hərəkətlər baş verirsə, bu, dəmir çatışmazlığı ilə əlaqədar ola bilər.