Bir sıra nöqsanlarla fəaliyyət göstərən qazdoldurma məntəqəsi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Ağcəbədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məlum olub ki, maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlaması aparılmayıb, həmçinin sözügedən çənlərin texniki baxışı keçirilməyib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.