SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Rəqəmsal çağırışlar və media: Bakıda III Forum baş tutdu

Rəqəmsal çağırışlar və media: Bakıda III Forum baş tutdu

  • 01 may 2026, 17:07
Bakı

Bakıda media ilə ictimai proseslər arasında qarşılıqlı əlaqələrin, rəqəmsal transformasiyanın yaratdığı yeni imkan və çağırışlar müzakirə olunub.

Yurd.Media xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" adlı III Forumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ardından iştirakçılara "Şəhərsalma və Memarlıq İli"nə aid videoçarx nümayiş olunub.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirdib ki, MEDİA və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin ortaq təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda ardıcıl məlumatlandırma sessiyaları həyata keçirilib.

O vurğulayıb ki, müstəqillik dövründə Ulu Öndərin formalaşdırdığı quruculuq kursu dövlətimizin qüdrətini və xalqımızın estetik duyumunu bütün dünyaya tanıdıb: "Ulu Öndərin şəhərsalma baxışının bu gün beynəlxalq müstəvidə təsdiq olunmasının ən əhəmiyyətli nümunələrindən biri WUF13-ün Bakıda keçirilməsinə dair qəbul edilmiş qərardır. WUF13-ün paytaxtımızda təşkili Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsinin bariz sübutudur".

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov hazırda ictimai proseslərin böyük əksəriyyətinin rəqəmsal mühitdə cərəyan etdiyinə diqqət yönəldib. Onun fikrincə, media və ictimai proseslər artıq təkcə xəbər istehsalı ilə məhdudlaşmır, həm də məlumatın sürətli və texnoloji platformalar vasitəsilə təhlükəsiz şəraitdə ötürülməsini əhatə edir. Rəqəmsal tərəqqi isə medianın fəaliyyəti qarşısında yeni imkanlar və çağırışlar yaradır. Bu dəyişikliklərin fonunda ölkəmizdə rəqəmsal inkişafın yeni mərhələsi başlanıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsal platformaların əhalinin böyük hissəsi üçün başlıca informasiya mənbəyinə çevrildiyini ifadə edib. O bildirib ki, Azərbaycan əhalisinin 94,6 faizi şəhərlərdə, 82,1 faizi isə kənd yerlərində internetdən istifadə imkanına sahibdir. Bu rəqəm dünya üzrə orta göstəricini əhəmiyyətli dərəcədə üstələyir. "Hal-hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanına malikdir. Növbəti mərhələdə bütün təhsil müəssisələrində fiber-optik internet, yenilənmiş daxili şəbəkə infrastrukturu, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilmiş texniki dəstək təmin ediləcək", - deyə F.Qurbanov qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Read Qasımov isə vurğulayıb ki, ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nin elan edilməsi dövlətin bu sahəyə göstərdiyi yüksək diqqətin, həyata keçirilən sistemli islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi davamıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ölkəmizin bütün istiqamətlərində, o cümlədən şəhərsalma və memarlıq sahəsində davamlı və ardıcıl inkişafın təməlini qoyub. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Qeyd edək ki, Forumun əsas məqsədi ictimai proseslərin media tərəfindən işıqlandırılması keyfiyyətinin yüksəldilməsi, rəqəmsal mühitdə meydana çıxan çağırışlara qarşı ortaq yanaşmaların hazırlanması və innovativ media həllərinin təşviq olunmasıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları