Dövlət qarşısında külli miqdarda borca düşən Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Məhin Abdullayeva kredit təşkilatının İdarə Heyətinin üzvlüyündən çıxıb.
2021-ci ildən BOKT “İnternational”da çalışan M.Abdullayeva bu ilin iyununda səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü seçilmişdi.
Qeyd edək ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 000 000 manatdır. ASC-nin İdarə Heyətinin sədri və qanuni təmsilçisi Nicat Vaqif oğlu Həsənovdur. ASC-nin Müşahidə Şurasının sədri isə kredit təşkilatının səhmlərinin 100%-nə sahib olan Rifat Vaqif oğlu Həsənovdur. BOKT-nin İdarə Heyətinin sədri ilə Müşahidə Şurasının sədri qardaşdırlar.
Xatırladaq ki, kredit təşkilatının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu da mövcuddur. BOKT-nin hazırda yığılmış vergi borcunun miqdarı 561 375.17 manat təşkil edir. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.