Abşeron rayonunun Masazır kəndində vaxtında boşaldılmayan zibil yandırılır.
Sakinlərin sözlərinə görə, məişət tullantıları bəzən günlərlə konteynerlərdə qalır, nəticədə ətrafa kəskin xoşagəlməz qoxu yayılır. Onlar bildirirlər ki, bəzi hallarda isə qutularda toplanan tullantıların yandırılması da əlavə problemlər yaradır.
Məsələ ilə bağlı Yurd.Media-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qüvvədə olan qaydalara əsasən bina və qurğulara 50 metrədək məsafədə məişət tullantılarının və boş qabların yandırılmasına yol verilmir.
Qurumdan qeyd olunub ki, təhlükəsizlik qaydalarına əməl edilmədikdə, xüsusilə küləkli hava şəraitində, tullantıların toplandığı ərazinin yaxınlığında tikililər, yaşıllıqlar və kommunikasiya xətləri mövcud olduqda yanğın təhlükəsi qaçılmaz olur. Belə hallarda maddi ziyanın yaranması, eləcə də insanların həyat və sağlamlığı üçün təhlükə istisna edilmir.
Abşeron Rayon İcra Hakimiyyətindən isə Yurd.Media-ya bildirilib ki, Masazır kəndinin ərazisi geniş, əhalisi isə çox olduğundan məişət tullantılarının daşınması ərazinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla bir neçə istiqamətdə həyata keçirilir.
Rəsmi açıqlamaya görə, tullantıların daşınması Masazır kənd Bələdiyyəsi, Abşeron Abadlıq və Kommunal Xidmətlər İdarəsi, eləcə də bir neçə özəl şirkət tərəfindən həyata keçirilir. Bu proses icra nümayəndəliyi və bələdiyyələr tərəfindən daimi nəzarətdə saxlanılır.
Qurumdan həmçinin bildirilib ki, məişət tullantılarının yandırılması kommunal xidmət əməkdaşları tərəfindən deyil, yaxınlıqda yaşayan bəzi sakinlər tərəfindən həyata keçirilir. Bununla bağlı dəfələrlə maarifləndirici söhbətlər aparılıb və tullantıların yandırılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.
FOTO: Sadıq Əliverdibəyli