“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən yaranmış 754 manat əsas, 113 manat cərimə olmaqla, cəmi 867 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edib.
Məhkəmə sənədindən aydın olur ki, müştəri “İrşad-Electronics”dən ümumi məbləği 1700 manat olan iki ədəd “MİDEA” markalı kondisioner alıb, lakin müqavilənin şərtlərini pozaraq ümumilikdə 946 ödəniş edib.
İddia tələbi qismən təmin edilib. Cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə 754 manat əsas, 13 manat cərimə olmaqla, cəmi 767 manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb.
“İrşad-Electronics” daha bir müştərisinə qarşı Gəncə Şəhər Məhkəməsində iddia qaldırıb. Qeyd olunub ki, 345 manata “HONOR” markalı mobil telefon alan şəxsin müqaviləsi üzrə 285 manat əsas, 43 manat cərimə borcu olmaqla ümumilikdə 328 manat borcu yaranıb. İddiaçı həmin məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə bu iddia tələbini tam təmin edib.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki və Şəmkir rayon məhkəmələrində, həmçinin Bakının Nizami Rayon Məhkəməsində müştərilərinə qarşı iddia qaldırmışdı.