Elm və Təhsil Nazirliyindən milyonlarla manatlıq dövlət sifarişləri alan “S.H. İnşaat Xidməti” MMC-nin vergi borcu yarandı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 995 min manat təşkil edir. Halbuki 2026-cı ilin sentyabrında bu məbləğ 71 min 157 manat olub. Beləliklə, iki ay ərzində şirkətin vergi borcu təxminən 14 dəfə artıb.
2011-ci ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Səməd Heydərovdur.
“S.H. İnşaat Xidməti” MMC 2025-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsinin 8,1 milyon, 8,8 milyon və 9,2 milyon manatlıq üç tenderinin qalibi olub. Satınalmalar təhsil müəssisələrində təmir, abadlıq və kommunikasiya işlərini əhatə edib.
Şirkət 2026-cı ilin sentyabrında da həmin qurumun məktəblərin əsaslı təmiri üzrə 9,2 milyon manatlıq, oktyabrında isə 8,6 milyon manatlıq dövlət sifarişini alıb.
Bundan başqa, “S.H. İnşaat Xidməti” MMC 2025-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumların binalarında təmir işlərinin görülməsi üzrə 2,4 milyon manatlıq müqavilə imzalayıb.
Şirkət daha əvvəl Qarabağ Universitetinin klinikasının təmiri və təchizatı ilə bağlı hər biri 9 milyon manat dəyərində olan iki tenderin də qalibi olub.