SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Soyuq Əllər, İsti Ürək” yarmarkası fəaliyyətə başladı - FOTO

“Soyuq Əllər, İsti Ürək” yarmarkası fəaliyyətə başladı - FOTO

Bakı

Bakıda “Soyuq Əllər, İsti Ürək” yarmarkası Fəvvarələr meydanında fəaliyyətə başlayıb.

Yurd.Media xəbər verir ki, “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkası 5 yanvar 2027-ci il tarixinədək davam edəcək.

noyabrın 27-də “Nargis” Fondunun təşkilatçılığı ilə “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Bakının Fəvvarələr meydanında fəaliyyətə başlayıb.

Bu il “Qış dostu” konsepti ilə təşkil olunan yarmarkada əsas simvollar ayı və pinqvin obrazlarıdır. Ərazisi əvvəlki illərlə müqayisədə genişləndirilən yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç fotoköşk, üç ikimərtəbəli restoran, oyun və əyləncə zonası yaradılıb. Həmçinin ilk dəfə olaraq xüsusi dizayn edilmiş 11 metal konteyner quraşdırılıb.

Yarmarkanın builki yenilikləri arasında ziyarətçilərin daxil olaraq xatirə şəkilləri çəkdirə biləcəkləri xüsusi konstruksiyalı Yeni il ağacı da var. Ayı və pinqvin obrazlı maskotlar isə tədbir boyunca ziyarətçiləri müşayiət edəcək.

2013-cü ildən təşkil olunan yarmarka xeyriyyə missiyasını bu il də davam etdirir. Təşkilatçıların məlumatına görə, sponsorların maliyyə dəstəyi və dekorativ evlərin icarəsindən əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldiləcək.

İnternat məktəblərinin, uşaq evlərinin və sosial xidmət müəssisələrinin azyaşlı sakinləri də yarmarkanın fəxri qonaqları olacaq. Yarmarkanın maliyyə hesabatı və əldə olunan nəticələr barədə məlumatın “Nargis” Fondunun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılacağı bildirilib.

Qeyd edək ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 27 noyabr 2026-cı il – 5 yanvar 2027-ci il tarixlərində hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Əraziyə giriş ödənişsizdir.

Bu il ziyarətçilərə genişləndirilmiş qastronomik çeşid, əl işləri, suvenirlər və bayram hədiyyələri də təqdim olunur.

Skat.az - Ev və Avtomobil elanları