Azərbaycanın deflimpiyaçı güləşçiləri Ermənistanın Tsaxkadzor şəhərində keçirilən Avropa çempionatında 6 medal qazanıblar.
Yurd.Media xəbər verir ki, 25 noyabr – 1 dekabr 2026-cı il tarixlərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında təşkil olunan Avropa çempionatında Azərbaycan komandası 3 gümüş və 3 bürünc medalla yadda qalıb.
Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov və şöbə müdiri Heydər Rəhimlinin müşayiəti, yığmanın baş məşqçisi İslam Cəfərov və köməkçi məşqçi Hüseyn Hüseynovun rəhbərliyi altında çempionatda 6 idmançı ilə təmsil olunan komandamız uğurlu nəticə əldə edib.
Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal qazanıb.
Ceyhun İsazadə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 6 medalla başa vurublar.