Bakı şəhər sakini Şəlalə İbrahimova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft və Kəşfiyyat Qazma İdarəsini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, 1992-ci ildən idarədə kimyəvi təhlil laborantı vəzifəsində çalışan Şəlalə İbrahimova 2026-cı ildə işdən çıxarılıb. O, Nizami Rayon Məhkəməsinə müraciət edərək işə bərpa olunmasını, məcburi işburaxmaya görə əməkhaqqının və 50 manat mediasiya xərcinin ödənilməsini tələb edib.
Şəlalə İbrahimova bildirib ki, 2022-ci ildə idarədə laborantlar üçün təşkil olunan təlimlərdə iştirak edib. Lakin təlimlərin nəticələri ona yalnız 2025-ci ilin oktyabrında məlum olub. Təlimlərdə iştirak edən 70-80 laborantdan 10 nəfərin əməkhaqqı sistemində dəyişiklik edilib.
Nəticələrlə razılaşmayan Şəlalə İbrahimova müəssisə rəhbərliyinə müraciət edib. Bundan sonra 2025-ci ilin dekabrında yenidən imtahan təşkil olunub. İşçilərə bildirilib ki, imtahanın nəticələrinə görə heç kim işdən çıxarılmayacaq, yalnız yüksək nəticə göstərənlərin əməkhaqqına əlavələr ediləcək.
2026-cı ilin aprelində açıqlanan nəticələrə əsasən, Şəlalə İbrahimova mümkün 40 baldan 16-nı toplayıb. Onun sözlərinə görə, müəssisə rəhbəri topladığı balın qənaətbəxş olduğunu, lakin supervayzerin onun barəsində müsbət rəy vermədiyini bildirib. Həmin rəy isə ona təqdim edilməyib.
Ali təhsilli və iki diplomu olan Şəlalə İbrahimova özündən daha aşağı bal toplayan əməkdaşlara müsbət rəy verildiyini də iddia edib.
Onunla bağlanmış əmək müqaviləsinə işçilərin sayının və ya ştatların ixtisarı əsası ilə xitam verilib.
Nizami Rayon Məhkəməsi Şəlalə İbrahimovanın iddiasını təmin edib.