Payızın gəlişi ilə həyət və bağ evlərində quru otların, tökülmüş yarpaqların və budanmış ağac budaqlarının təmizlənməsi prosesi başlayır. Bu tullantıların necə utilizasiya olunması isə xüsusilə şəhər ərazisində yerləşən həyət evlərində aktual məsələyə çevrilir.
Bəzi vətəndaşlar yaranan tullantılardan qurtulmaq üçün onları həyətlərdə yandırmağa üstünlük verirlər. Həyətlərin kiçik, evlərin isə bir-birinə yaxın yerləşdiyi ərazilərdə belə yanğınlar daha ciddi təhlükə yarada bilər.
Bəs yarpaq, quru ot və budanmış ağac budaqları necə utilizasiya olunmalıdır? Bu tullantıların yandırılması hansı hallarda mümkündür və bununla bağlı vətəndaşları hansı məsuliyyət gözləyir?
“Təmiz Şəhər” ASC-dən Yurd.Media-ya bildirib ki, süpürüntü tullantıları üçün nəzərdə tutulmuş yaşıl zibil qutularından istifadə etmək mümkündür. Qurumdan qeyd olunub ki, iri ağac budaqlarının həmin qutulara atılması nəzərdə tutulmayıb. Bildirilib ki, bu tip üzvi tullantılar poliqonda utilizasiya edilə bilər.

Fövqəladə Hallar Nazirliyi (FHN) isə Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Yanğın təhlükəsizliyi Qaydaları”nda ərazilərin yanğın təhlükəsizliyi baxımından təmiz saxlanılması, quru ot, kol-kos, məişət tullantıları və digər yanğın təhlükəli maddə və materiallardan təmizlənməsi ilə bağlı tələblər müəyyən edilib.
Nazirlik qeyd edib ki, vətəndaşlar bu tələbləri yerinə yetirərkən bəzən quru ot, kol-kos örtüyü, tullantı və ya məişət tullantılarını “iməcilik” adı altında yandırmağa üstünlük verirlər. Bunun isə bir çox hallarda nəzarətdən çıxan yanğına və daha böyük fəsadlara səbəb ola biləcəyi vurğulanıb.
FHN-in məlumatına görə, tullantıların və məişət tullantılarının yandırılması avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda təşkil edilməli və tam sönənədək nəzarətdə saxlanılmalıdır. Əks halda, həyətyanı sahələrdə tullantıların yandırılması yolverilməz hesab olunur.
Nazirlik bildirib ki, belə pozuntulara yol verən şəxslər barəsində baş vermiş yanğın hadisəsinin nəticələrindən asılı olaraq İnzibati Xətalar və Cinayət məcəllələri ilə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq edilə bilər.
FHN bir daha vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Qeyd edək ki, şəhər ərazisində ağacların budanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarəti ilə həyata keçirilir. Budama nəticəsində yaranan ağac tullantılarının daşınması və utilizasiyası da müvafiq qaydada həyata keçirilməlidir. Yurd.Media bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sorğu ünvanlayıb. Lakin material hazırlanarkən nazirlikdən redaksiyaya cavab daxil olmayıb.
Digər ölkələrin təcrübəsində isə bu cür tullantıların açıq ərazidə yandırılması əvəzinə ayrıca toplanması və emala yönəldilməsi praktikası geniş yayılıb. Məsələn, Almaniyada yarpaq, ot və budaqların kompostlaşdırılması, biotullantılar üçün nəzərdə tutulmuş konteynerlərə və ya xüsusi toplama məntəqələrinə təhvil verilməsi təşviq olunur. Sinqapurda bağ tullantıları, o cümlədən yarpaq, ot və budaqlar üçün ayrıca toplama sistemi mövcuddur. Böyük Britaniyada isə müəyyən hallarda bağ tullantılarının açıq ərazidə yandırılmasına icazə verilsə də, tüstünün ətrafdakılara və yollarda hərəkətə təhlükə yaratmasına yol verilmir.