SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Hacıqabulun kəndlərinin içməli su sınağı - VİDEO

Hacıqabulun kəndlərinin içməli su sınağı - VİDEO

Hacıqabul

Hacıqabul rayonunun Talış kəndinin bir hissəsi və ona qonşu olan Kolanı kəndində sakinlər uzun illərdir içməli su üzünə həsrət qalıb.

Yurd.Media xəbər verir ki, kəndlərin yaxınlığında yerləşən Kür su kəmərləri idarəsi ölkənin böyük bir hissəsini su ilə təmin etsə də, min nəfərdən çox əhalisi olan bu kəndlər hələ də susuzluq problemi yaşayır.

Sakinlər "Baku TV"yə bildirirlər ki, bəzən qurdlu su içməyə məcbur qalırlar, bəzən də təsərrüfat suyunu duruldaraq istifadə edirlər:

“Neçə illərdir çalışırıq, müraciət edirik, amma bir çarə tapa bilmirik. Bu dövrdə içməli su tapa bilməmək nə deməkdir?”

Məsələ ilə bağlı Hacıqabul Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Səyyavuş Məmmədov bildirib ki, Kolanı və Talış kəndlərində hazırda içməli su şəbəkəsi mövcud deyil:

“Orada içməli su şəbəkəsi yoxdur və xidmətimiz də yoxdur. Amma Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq ölkənin bütün bölgələrində, o cümlədən Hacıqabul kəndlərində su təchizatının yaxşılaşdırılması istiqamətində yenidənqurma işləri aparılır. Məsələn, Meyniman kəndində layihələndirmə başa çatıb və yaxın zamanda tikintiyə başlanacaq. Kolanı və Talış kəndlərində də layihələndirmə bitdikdən sonra tikinti nəzərdə tutulur. Gələcəkdə bütün içməli su şəbəkəsi olmayan kəndlərdə analoji işlər aparılacaq”.

Hazırda sakinlər içməli suyu yalnız pul ilə almaqla təmin edə bilirlər. Bu isə həm maddi, həm də sağlamlıq baxımından ciddi çətinliklər yaradır.

Prime Leasing