Beton məmulatları, o cümlədən beton borular, kanalizasiya quyuları və yer daşları istehsalı ilə məşğul olan “İnter Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) barəsində cərimə yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb.
İdarə əməkdaşları tərəfindən xidməti ərazidə aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində "İnter Servıce Group" MMC tərəfindən müqavilə əsasında icarəyə götürülmüş istehsalat sahəsinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmadığı, monitorinq göstəriciləri barədə hesabatın idarəyə təqdim edilmədiyi üçün araşdırma aparılması barədə məlumat verilib və nümayəndənin idarəyə gəlməsi xahiş edilib.
Lakin şirkət tərəfindən hesabatın İdarəyə təqdim edilmədiyi müəyyən olunub.
Bundan başqa, “İnter Service Group” icarəyə götürdüyü istehsalat sahəsi üzrə - beton boru zavodu və digər sahələr üzrə müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatını aparmayıb.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 8500 manat məbləğində cərimə olunub.
Həmin qərardan “İnter Service Group” MMC apellyasiya qaydasında şikayət versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.