151 il öncə yandırılan bir çıraq bu gün də sönmədən yol göstərir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı ötən əsr yarım ərzində ölkənin ictimai-siyasi və mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində yüzlərlə qəzet və jurnal nəşr olunub. Onlardan bəziləri tarixə qovuşsa da, bəziləri uzun illərdir fəaliyyətini davam etdirərək milli mətbuatın inkişafına töhfə verir.
Yurd.Media xəbər verir ki, belə nəşrlərdən biri də iyulun 10-da fəaliyyətinin 35 illiyini qeyd edən, ölkə mətbuatında özünəməxsus yeri olan və dəst-xətti ilə seçilən "İki sahil" qəzetidir.
Qəzetin fəaliyyətə başladığı dövr - 1991-ci il Azərbaycanda sərt senzuranın hökm sürdüyü, dövlət müstəqilliyinin hələ bərpa olunmadığı, ölkənin ictimai-siyasi həyatının mürəkkəb dövrü idi. Belə bir şərait fonunda fəaliyyətə başlayan qəzet böyük amalı sayəsində bütün maneələri dəf edə bildi. Nəşr fəaliyyəti boyunca cəmiyyətin maariflənməsinə, milli dövlətçilik ideyalarının təbliğinə və ictimai fikrin formalaşmasına xidmət edib.
“İki sahil”in səhifələrində Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən mühüm hadisələr geniş işıqlandırılıb. Qəzet ölkənin inkişaf mərhələlərini, həyata keçirilən islahatları və dövlət siyasətinin əsas istiqamətlərini oxuculara çatdırmaqla yanaşı, jurnalistikanın peşəkar ənənələrinin qorunmasına da öz töhfəsini verib.
SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısı olan “İki sahil” bu gün də milli dövlətçiliyə, dövlətçilik prinsiplərinə sadiq qalaraq öz missiyasını uğurla davam etdirir.
Zaman dəyişdikcə qəzet də dəyişən media mühitinin tələblərinə uyğunlaşmağı bacarıb. Çap nəşri ilə yanaşı, rəqəmsal mühitdə də operativliyini və etibarlılığını qorumağı bacaran “İki sahil” oxucularının informasiya mənbələrindən biri olaraq qalır. Müasir medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki Sahil TV” internet televiziyası da fəaliyyət göstərir.
151 il əvvəl "Əkinçi"nin səhifələrində yandırılan söz çırağı bu gün də sönməyib. O işığın bir parçasını 35 ildir "İki sahil" də öz səhifələrində yaşadır. Qəzetin gücü təkcə yazılan xəbərlərdə deyil, tarixə çevrilən səhifələrində, cəmiyyətin yaddaşında və qazandığı etimaddadır. Zaman dəyişir, texnologiyalar yenilənir, informasiya məkanının siması fərqlənir, amma cəmiyyətə doğru, operativ və obyektiv informasiya çatdırmaq missiyası dəyişmir. 35 ildir ki, öz tarixini yazan "İki sahil" qəzeti bundan sonra da Azərbaycan milli mətbuatının inkişaf salnaməsinə yeni səhifələr əlavə etməyə davam edəcək.