Ali təhsilini başa vuran gəncin qarşısında ən böyük gözləntilərdən biri əldə etdiyi ixtisas üzrə işə başlamaqdır. Xüsusilə də söhbət xüsusi təyinatlı ali təhsil müəssisəsindən gedirsə, bu gözlənti daha da artır.
Azərbaycanda belə təhsil müəssisələrindən biri Dövlət Gömrük Komitəsinin Akademiyasıdır. Akademiyada gömrük işi və gömrük sistemi üçün müxtəlif istiqamətlər üzrə mütəxəssislər hazırlanır. Lakin akademiyanı bitirən hər məzunun məhz gömrük orqanlarında işləməsi avtomatik şəkildə təmin olunmur.
Dövlət Gömrük Komitəsinin Akademiyasının bir neçə məzunu Yurd.Media-ya bildiriblər ki, bu təhsil müəssisəsində təhsil çətin olsa da, keyfiyyətlidir. Məzun qeyd edib ki, təhsil aldığı müddətdə işlə təmin olunacağı ilə bağlı onlara hər hansı təminat verilməyib. Akademiyanın məzunları hazırda işə qəbul prosesinin kifayət qədər çətin olduğunu və akademiya məzunlarının da test yolu ilə gömrük orqanlarına qəbul edildiyini bildiriblər.
Dövlət Gömrük Komitəsindən akademiya məzunlarının neçə nəfərinin son illərdə gömrük orqanlarında işlə təmin olunması, məzunların işə qəbulunda xüsusi üstünlüklərin nəzərdə tutulub-tutulmaması və bu şəxslərin gömrük sisteminə cəlb olunması üçün ayrıca mexanizmin olub-olmaması ilə bağlı münasibət öyrənmək cəhdləri nəticə verməyib..