Noyabrın 7-9-da Quba şəhərində şəhid övladlarının iştirakı ilə “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub.
Yurd.Media xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilib.
Düşərgənin məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin əhəmiyyətini təbliğ etmək, gənclərdə milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək, şəhidlərin xatirəsini yad etmək və Zəfər tarixini gələcək nəsillərə çatdırmaq olub.
Tədbir çərçivəsində iştirakçılar üçün “İdeyadan tətbiqə: Süni intellekt necə işləyir?” və “44 günlük müharibədən bugünkü kiber təhdidlərə” mövzularında təlimlər təşkil edilib. Gənclər, həmçinin Zəfər tarixi və ümumi dünyagörüşünü əhatə edən intellektual oyunda iştirak edib, müxtəlif komanda yarışlarında güclərini sınayıblar.
Düşərgədə fərqlənən və qalib gələn iştirakçılara “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.
Bağlanış mərasimində Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Zeynəddin Azaqov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsində qazanılmış Zəfərin Azərbaycanın tarixindəki əhəmiyyəti, şəhidlərin xatirəsinin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi yaddaşın qorunmasının vacibliyi vurğulanıb.