Gömrük sənədlərində 154 kiloqram fərq: “Su İnşaat” cərimələndi
“Su İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-nin ünvanına gələn yüklərin gömrük bəyannaməsinin netto və brutto çəkiləri ilə qısa idxal bəyannaməsinin netto və brutto çəkiləri arasında uyğunsuzluq yaranıb.
Müəyyən edilib ki, qısa idxal bəyannaməsində brutto çəki 1440 kiloqram, netto çəki 1440 kiloqram qeyd edildiyi halda, gömrük bəyannaməsində brutto çəki 1594 kiloqram, netto çəki 1545,5 kiloqram qeyd olunub.
Tikinti sektorunda izolyasiya materiallarının satışı və quraşdırılması sahəsində ixtisaslaşmış şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Su İnşaat” 250 manat cərimə edilib.