MÜSİAD üzvləri səhər yeməyində toplaşdı, kitab təqdimatı baş tutdu.
Yurd.Media xəbər verir ki, MÜSİAD Azərbaycan Təşkilatlanma, Üzv Qəbulu və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı, üzv şirkətlərimiz AS Otomotiv, Balakan Foods, C7 Group və Zivellanın birgə sponsorluğu ilə, üzvümüz Xaqani İbrahimovun rəhbərlik etdiyi “MADO” restoranının Baku Mall filialında “Ənənəvi Səhər Yeməyi” proqramı keçirilib.
Proqramda Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri, Səfirliyə bağlı qurumlarının nümayəndələri, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, dərnəyin üzvləri, eləcə də GƏNC MÜSİAD Azərbaycan nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan dərnəyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıya qoyulan strateji hədəflər barədə məlumat verib. Sədr çıxışında, həmçinin, səlahiyyət müddəti başa çatan Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət üzrə baş müşaviri Murat Yamana Azərbaycan-Türkiyə iqtisadi və ticarət əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Proqram çərçivəsində, həmçinin, MÜSİAD Azərbaycanın ikinci dövr sədri, Məşvərət Şurasının üzvü Rəşad Cabirlinin atası, əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimatı keçirilib.
Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu tərəfindən qələmə alınan kitabda Cabir Məmmədovun uzun illər davam edən həkimlik fəaliyyəti, ziyalı şəxsiyyəti, peşəsinə bağlılığı və insanlara xidmət yolundan bəhs olunur. Kitab təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səmimi fikir mübadiləsi və qarşılıqlı ünsiyyət şəraitində keçən proqram MÜSİAD Azərbaycan üzvləri, diplomatik nümayəndəliklərin və əlaqəli qurumların təmsilçiləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirəsinə və üzvlərarası münasibətlərin inkişafına töhfə verib.