SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Gəncədə Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi qeyd olunub

Gəncədə Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi qeyd olunub

Gəncə

Gəncədə Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi qeyd olunub.

Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib. Mərasim zamanı kilsə zəngləri çalınıb, dini ayinlər icra olunub. Dini mərasimi Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) idarə edib.

Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) Azərbaycanda müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlıq mühitinin hökm sürdüyünü bildirib. O, pravoslav xristianlara göstərilən diqqət və yaradılan şəraitin yüksək qiymətləndirildiyini qeyd edib.

Qeyd edək ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi 1887-ci ildə Bizans üslubunda plint kərpicdən inşa edilib. Kilsə həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. 44 il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası kimi istifadə olunan məbəd, daha sonra kafedral anbarına çevrilib. Bina 1946-cı ildə Rus Pravoslav Kilsəsinə qaytarılıb və yenidən ibadət üçün istifadəyə verilib.

Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 7 zəngi var. Məbədin qədim interyerindən müxtəlif ikonalar da günümüzə qədər gəlib çatıb. Onların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.

Kilsə hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeliyində fəaliyyət göstərir.

Skat.az - Ev və Avtomobil elanları