“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyat başladı.
Yurd.Media xəbər verir ki, layihə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Layihənin başlaması ilə əlaqədar təşkil olunan mətbuat konfransında Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev bildirib ki, 2022-ci ildən etibarən həyata keçirilən və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində artıq mühüm mərhələlər uğurla başa çatdırılıb.
Onun sözlərinə görə, Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov qeyd edib ki, “Cəbrayıl Könüllüləri”nin üzvləri bu rayonda da müxtəlif istiqamətlərdə həyata keçirilən işlərin uğurla aparılmasında öz töhfəsini verəcəklər.
“Bugünkü gənclik çox xoşbəxt bir dövr, tale yaşayır. Çünki bu gün bizim torpaqlarımız azadır, ərazi bütövlüyümüz tam bərpa olunub. Artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir. Bildiyiniz kimi, artıq Cəbrayıl şəhərində də keçmiş məcburi köçkünlər öz doğma-yurd yuvalarına qayıdırlar və xoşbəxt yaşayırlar. Bu, o deməkdir ki, Cəbrayıl şəhərində də həyat keçmişdə olduğu kimi öz axarına qayıdır”, - A.Əkpərov bildirib.
Sonda “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyat şərtləri ilə bağlı məlumat verib, seçim kriteriyalarını açıqlayıb.