Son zamanlar Bakı metrosunda bank kartları və mobil ödəniş vasitələrindən istifadə edən sərnişinlər arasında gedişhaqqının kartdan gec silinməsi, yaxud balansda kifayət qədər vəsait olmadığı halda turniketdən keçidin mümkün olması ilə bağlı narazılıqlar və şikayətlər artıb.
Məsələ ilə bağlı “K Group” MMC (BakıKart) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli Yurd.Media-ya bildirib ki, Bakı metrosunda bank kartları və mobil ödəniş vasitələri ilə həyata keçirilən ödənişlər NFC texnologiyası və gecikdirilmiş avtorizasiya prinsipi əsasında işləyir.
"Bu mexanizmə əsasən, bəzi hallarda kart hesabında kifayət qədər vəsait olmasa belə, sistem sərnişinə gedişi ardıcıl şəkildə iki dəfə təmin edə bilər. Bu zaman həmin məbləğ sonradan kart hesabında vəsait yarandıqda avtomatik şəkildə tutulur.
Əgər kart üzrə yaranmış borc müəyyən müddət ərzində ödənilməzsə, kart müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bu, sistemin ödəniş intizamını qorumaq məqsədilə tətbiq olunan standart mexanizmdir".
Onun sözlərinə görə, kartın yenidən aktivləşdirilməsi üçün istifadəçi hesabda kifayət qədər vəsaitin olmasını təmin etməlidir:
"Borc məbləği sistem tərəfindən avtomatik şəkildə tutulduqdan sonra məhdudiyyət aradan qaldırılır. Bu proses bəzi hallarda dərhal deyil, müəyyən vaxt intervalında baş verə bilər ki, bu da gecikdirilmiş avtorizasiya mexanizmi ilə bağlıdır".
“K Group” MMC (BakıKart) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli